21.11.2024, 23:31
AZ EN
14.03.2024, 17:18 186

ABŞ səfiri: "Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolu mühümdür"

XƏBƏRLƏR
  • Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mark Libbi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğunu deyib.

Səfir bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə danışıb.

O qeyd edib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu var.

Şeyxülislam A.Paşazadə təəssüflə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, Şeyxülislam A.Paşazadə amerikalı səfiri azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət etməyə çağırıb. Bildirib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan və qarayaxmalar yayır. Şeyxülislam bildirib ki, bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləmək təbiidir.

Amerikalı səfir bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb.

Səfirlə görüşdə QMİ sədri, həmçinin, Azərbaycanın bu il evsahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel və zirvə görüşləri barədə məlumat verib. (Report)

Oxşar xəbərlər