"Vətən səsi" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib. O qeyd edib ki, Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı mütəmadi olaraq Azərbaycanla məsləhətləşmələr aparılır: "Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir. Ona görə də son vəziyyətləri çox diqqətlə izləyir və Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Bunu bildirək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması idi. Sonrakı proses Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi olmalı idi. Bundan sonra Ermənistanla sərhədlərin açılması və dogər məsələlər gündəmdə ola bilər”.
Xatırladaq ki, 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu. Ancaq iki il sonra, 1993-cü ildə Türkiyə Ermənistanla sərhədini bağladı. Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi idi.
Qırx dörd gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci il noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sərhədlərin açılması barədə ilk pozitiv mesaj vermişdi.
"Əgər Ermənistan bu müddətdə müsbət istiqamətdə inkişaf edəcəksə, biz də Ermənistana qapılarımızı açarıq. Bununla da Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər", - deyə Ərdoğan söyləmişdi.
Bununla belə, Ermənistan hələ də bu müsbət çağırışlardan real nəticə çıxara bilmədiyindən Türkiyə ilə sərhədlər 31 ildir bağlı olaraq qalır.
Elxan SALAHOV