19.10.2024, 21:37
AZ EN
17.10.2024, 09:56 135

Ermənistan Azərbaycana hücuma hazırlaşır

XƏBƏRLƏR
  • Paşinyan hökumətinin “Azərbaycan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim edib, ardınca erməni rəsmiləri və mediası da aktiv şəkildə gündəmə gətirir. Nəhayət, Ermənistandakı hakim partiyada sədr müavini olan Vaaqn Aleksanyan ddia edib ki, guya, rəsmi Bakı şərti dövlət sərhədində  hücuma hazırlıq üçün zəmin yaradır.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. O, qeyd edib ki, Ermənistan rəhbərliyi noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edir. Həmçinin rəsmi İrəvan paralel olaraq “Azərbaycan Ermənistana hücum edəcək” iddialarını tirajlamaqla siyasi və hərbi məqsədlərini həyata keçirməyək istəyir: "Siyasi hədəf odur ki, sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır və “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir. Hərbi hədəf isə bu iddialarını “isbatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirməkdir. Ermənistan bu məqsədə nail olmaq üçün kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri zamanı və ya sammit ərəfəsində edəcəyi ehtimalı ön plandadır".

Politoloq bildirir ki, COP29 sammiti zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir: "Birincisi, Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanmasına çağırış edən oyunçuları Bakıya təzyiq siyasətinə sövq etmək; İkincisi, Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq".

Asif Nərimanlının fikrincə, mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr də maraqlı tərəfdir.

Xatırladaq ki, son günlər Ermənistan ordusunun Azərbaycanla sərhədə əlavə qüvvələr cəlb etməsinə dair məlumatlar yayılır.

Elxan SALAHOV

Oxşar xəbərlər