Məqalələrdə diplomat qeyd edir ki, iqlim konfransının Bakıda keçirilməsi regionda ən son nailiyyətləri, o cümlədən Azərbaycanın COP29-a ev sahibliyi etmək istəyini dəstəkləyən Ermənistanla münasibətləri normallaşdırmaq səylərini göstərir.
Geosiyasətin iqlim fəaliyyətinə kölgə sala biləcəyi ilə bağlı narahatlıqlar fonunda Azərbaycan Paris Sazişinin məqsədlərinə nail olmaq üçün diqqəti konkret tədbirlərə yönəltməkdə qərarlıdır.
Z.Əhmədov vurğulayıb ki, Azərbaycan ev sahibi ölkə kimi bütün maraqlı tərəflərin, o cümlədən yerli xalqların, gənclərin və vətəndaş cəmiyyətinin səsini və ehtiyaclarını nəzərə alan inklüziv iqlim idarəçiliyinin təşviqinin tərəfdaşıdır. Köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üçün Yeni kollektiv kəmiyyət məqsədinin müəyyən edilməsi isə əsas prioritetdir.
Bu məqsəd inkişaf etməkdə olan ölkələrə dəstəyi gücləndirməyə kömək olacaq və iqlim böhranı şəraitində ən mühüm ehtiyacların ödənilməsi üçün resursların səfərbər edilməsini təmin edəcək. Bundan əlavə, Azərbaycan ən həssas icmaların ehtiyaclarını daha yaxşı ödəmək məqsədilə itkiləri və zərərləri kompensasiya etmək üçün fond tətbiqinin vacibliyini vurğulayacaq.
Diplomat həmçinin sədr ölkə kimi Azərbaycanın konfransın keçirilməsi zamanı atəşkəs, “İqlim Üçlüyü”nün yaradılması və iqlim maliyyələşdirilməsi üzrə İqlim Fəaliyyət Fondunun təsis edilməsi kimi təşəbbüslərindən yazır.
“Müasir Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına və qazıntı yanacaqdan asılılığı azaltmaq üçün enerji səmərəliliyinə üstünlük verərək, əhəmiyyətli yaşıl keçid dövrü yaşayır. Bu strategiyanın mühüm hissəsi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ixracı planıdır ki, bu da Avropanın təmiz enerjiyə artan tələbatını ödəməyə kömək edəcək”, - deyə Z.Əhmədov yekun olaraq yazıb. (AZƏRTAC)