2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. (Report)