"Vətən səsi" xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. O, bildirib ki, Ermənistan üzərindən müəyyən öhdəlikləri atmaq üçün Azərbaycanı əsassız məsələlərdə günahlandırmağa davam edir: "Sülh təkliflərini irəli sürən və onu ən çox istəyən Azərbaycandır. Ermənistanın daxili vəziyyəti Nikol Paşinyanı sülhlə bağlı çəkingən danışmağa vadar edir. Ona görə də Bakıda keçiriləcək COP29-la bağlı saxta gündəm yaratmağa çalışır. İddia edirlər ki, COP29-dan Azərbaycan Ermənistana hücum məqsədilə ilə istifadə edəcək. Bu cür əsassız iddialar məqsədyönlü, təbliğat xarakterlidir və ictimai rəyi çaşdırmaq üçün atılan addımdır”.
Fazil Mustafa bildirib ki, Azərbaycanın bütün beynəlxalq tədbirlərdə olduğu kimi, COP29-dan da sülh çağırışları ritorikasına üstünlük verəcək. Ermənistan isə ABŞ başda olmaqla böyük dövlətləri özünün primitiv iddialarına qoşmaq istəyir. Bu da erməni yalanları üzərində öz xarici siyasətini formalaşdırmağa çalışan dövlətlərin mahiyyətini göstərir. Ona görə də Ermənistanın süni şəkildə prosesləri yönəltməsi və Azərbaycanı ittiham altında saxlaması yersizdir. Çünki Azərbaycanı sülhə gəlməməkdə ittiham etmək absurddur. Bizim belə bir problemimiz yoxdur, Bakı öz mövqeyini açıq və qəti şəkildə ortaya qoyub”.
Elxan SALAHOV