18.10.2024, 18:26
AZ EN
26.09.2024, 16:28 136

NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurasının iclasında Azərbaycanda mina təhlükəsinin miqyası barədə məlumat verilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə Ad hoc işçi qrupunun iclasında iştirak edib.

İclasda NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarının təmsilçiləri iştirak ediblər.

İclas zamanı Azərbaycanın üzləşdiyi mina problemi, problemin həlli istiqamətində görülmüş işlər, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların bu sahədə ölkəmizə dəstəyi, eləcə də təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu xüsusda Ağdam rayonunun Qərvənd kəndinin 400 hektar ərazisinin minalardan təmizlənməsinə dair Qərvənd Etimad Fondunun yaradılmasının tezləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib. Təqdimatda 2020-ci ilin noyabrından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və ya yaralandığı, minaların məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Eyni zamanda, iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə prosesi ilə bağlı fotosərgi təşkil edilib.

Səfər çərçivəsində ANAMA-nın nümayəndə heyəti NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini B.San, həmçinin Alyansın Silahlara Nəzarət, Tərk-silah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin (ADN) direktoru E. Lemos-Maniati ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı Alyansın mina probleminin həlli istiqamətində mövcud təcrübəsi, bu xüsusda NATO-nun ölkəmizə maliyyə və texniki dəstəyi müzakirə olunub.

Bununla yanaşı, ANAMA və NATO nümayəndə heyətlərinin Alyansın Dəstək və Təchizat Agentliyinin (NSPA) yerləşdiyi Lüksemburqa səfəri baş tutub. Səfər zamanı NATO ilə minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların öyrənilməsi və yeni üsulların tətbiqi sahəsində fikir mübadiləsi aparılıb. (AZƏRTAC)

Oxşar xəbərlər