09.06.2025, 13:45
AZ EN
16.02.2024, 10:19 340

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı B planını da irəli sürüb

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizinin açılması Ermənistana doğurdanmı sərf etmir və onun dövlət maraqlarına cavab vermir? Bunu aydınlaşdırmaq lazımdır. Erməni xalqı və dövləti bu suala cavab verməlidir. Çünki Zəngəzur dəhlizi açılsaydı, digər kommunikasiya xətləri də işə düşəcəkdi".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O, qeyd edib ki, hazırda blokadada olan, bir çox qapılar üzünə bağlanan Ermənistan Zəngəzur dəhlizinin açılması təşəbbüsünü dəstəkləsəydi dənizlərə çıxış əldə edəcək və kommunikasiyalardan dividentlər qazanmaqla öz mövqeyini gücləndirəcəkdi: "Amma Ermənistan hökuməti buna getmədi. Reallıq odur ki, regionda və onun hüdudlarından kənarda Ermənistana dəhlizlərin açılması ilə bağlı imkan verməyən qüvvələr var və onlar Şərq-Qərb dəhlizinin açılmasında maraqlı deyil".

Politoloq hesab edir ki, Qərb ölkələri arasında Türkiyənin regionda mövqeyinin güclənməsinə qısqanclıqla yanaşan güclər də var. Onun sözlərinə görə, Çin və Avropa arasında bu xəttin işləməməsi üçün əllərində gələni edirlər: "Bununla belə, Aərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı müxtəlif planları ola bilər. A planından başqa vəziyyət donmuş halda qalarsa, digər planların da həyata keçirilməsi istinsa edilmir. Bir müddət əvvəl Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı təklif etmişdi ki, Ermənistan bunu qlobal formada açmaq istəmirsə, ilkin mərhələ kimi vətəndaşların Naxçıvana gediş-gəlişini təmin edə bilər. Bunun üçün isə onlar qeyd-şərtsiz kommunikasiya prinsipindən istifadə etməlidir. Bununla Azərbaycan vətəndaşları burada heç bir prosedurla qarşılaşmamalıdır. Amma erməni tərəfi bu təklifi də cavabsız qoydu. Bütün bunlar göstərir ki, Ermənistan yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək".

Elxan SALAHOV

Oxşar xəbərlər