"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Baş nazir sülh danışıqları ilə bağlı keçirilən görüşlərdə Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı vədlər verib.
“Paşinyan illərdir erməni ictimaiyyətini əmin etməyə çalışırdı ki, Sünik dəhlizindən (Zəngəzur) söhbət gedə bilməz. O, Azərbaycanla Ermənistan arasında belə bir razılaşmanın olmadığını deyirdi. Paşinyanın bu məsələdə prinsipial mövqeyi var, bu, onun qırmızı xəttidir. Lakin sentyabrın 18-də keçirilən Dünya Erməniləri Sammitində bunun əksini söylədi. Paşinyan sözün əsl mənasında dedi ki, Ermənistan Bakıya dəhliz vermək istəyir. “Dəhliz” ifadəsini işlətmədi, “keçid” sözünü dilinə gətirdi, amma bu, mahiyyəti dəyişmir”, - deyə məqalədə qeyd olunur.
Qəzet yazır ki, Paşinyan Dünya Erməniləri Sammitində Zəngəzur dəhlizi ilə ilə bağlı əsil həqiqətləri etiraf edib və bildirib ki, rəsmi İrəvan regionda nəqliyyat kommunikasılarının açılmasına qarşı çıxmamalıdır. Nəşr Baş nazirin bununa sitatını olduğu kimi yazıb: "Zəngəzur dəhlizi ilə bağlı sosial şəbəkələrdə, siyasi dairələrdə geniş müzakirələr gedir. Deyirlər ki, o yol açılsa, bu, hakimiyyətin Ermənistana növbəti xəyanət olacaq. Anlamıram, deməliyik ki, Azərbaycanın qərb və ya əsas hissəsi ilə Naxçıvan arasında öz ərazimizdən keçməyə icazə vermirik? Bu hansı məntiqdir? Bunu niyə deməliyik? Əksinə, biz buna hazır olduğumuzu deməliyik, kommunikasiyaların açılmasının bizim üçün də xeyirli olduğuna inanırıq və dediklərimizdə heç bir riyakarlıq yoxdur”.
Nəşr Ermənistan Baş nazirinin "keçid" adlandırdığı Zəngəzur dəhlizi ilə bağlı prosedurların sadələşdirilməsinə dair fikirlərinə də yer ayırıb: “Paşinyan söylədi ki, müəyyən prosedurlar sadələşdirilə bilər. Bu isə o deməkdir ki, insanlar və yüklər Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamətdə gömrük yoxlaması olmadan keçməlidir. Bu da Azərbaycanın tələbi və dəhliz məntiqidir”.
Elxan SALAHOV