13.09.2024, 01:21
AZ EN
05.09.2024, 10:12 181

Ermənistanda konstitusiya müzakirələri başlayır

XƏBƏRLƏR
  • Bu gün Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələrə başlanır. Konstitusiyaya yeni maddələrin əlavə ediləcəyi, bəzi müddəaların çıxarılacağı gözlənilir.

"Vətən səsi" xəbər verir ki, bu barədə  Ermənistanın ədliyyə naziri Qriqor Minasyan sentyabrın 4-də jurnalistlərlə söhbətində bildirib. O, konstitusiya islahatlarından danışarkən deyib ki, referendum keçirilmədən də dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub: “Bu, müzakirə edəcəyimiz yeni bir ideyadır. Artıq Şura qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var. O vaxta qədər ictimai müzakirələr vasitəsilə dəyişikliklərin mahiyyətini peşəkar şəkildə ictimaiyyətə çatdırcağıq. Hər şeyi təfərrüatı ilə işləmək üçün kifayət qədər vaxtımız var, Şurada müxtəlif layihələrdə iştirak edən mütəxəssislər var, onlar hər şeyi hərtərəfli təhlil edə biləcəklər".

Qriqor Minasyan bildirib ki, yeni konstitusiya ilə bağlı bir neçə dəfə ciddi müzakirələr aparılıb. Onun sözlərinə görə, bəzi məsələlərə dair təklif olunan dəyişikliklər barədə yekdil qərar yoxdur: "Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Amma yeni konstitusiyanın və yeni ideyaların müzakirəsinə başlayırıq və biz hər bir dəyişikliyi təfərrüatı ilə dəqiqləşdirməyə hazırıq".

Erməni nazir bir daha vurğulayıb ki, konstitusiyaya dəyişiklik referendum keçirilmədən də mümkündür. Onun sözlərinə görə, bu gündən başlanan müzakirələrdə əlavə məsələlər ortaya çıxmasa, Ermənistanın yeni konstitusiyası 2027-ci ildən tez qəbul edilə bilər.

Xatırladaq ki, Ermənistanın 1995-ci ilin iyulunda referendum yolu ilə qəbul edilmiş hazırkı konstitusiyası Azərbaycanla sülh sazişinin imzalanması üçün əsas maneələrdən hesab olunur. Çünki ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı müddəa 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsində yazılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bəyan edib ki, Ermənistan konstitusiyasındakı bu müddəalar çıxarılmayınca sülh sazişinin imzalanması mümkün deyil.

Elxan SALAHOV

Oxşar xəbərlər