M.Pənahov qonaqlara seçicilərin, məntəqələrin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Onun sözlərinə görə, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.
Parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirildiyini vurğulayan MSK sədri Qarabağda və Şərqi Zəngəzurda 54 seçki məntəqəsi yaradıldığını, bu ərazilərdə 42 mindən yuxarı seçici olduğunu diqqətə çatdırıb. O bildirib ki, ümumilikdə seçkiləri izləmək üçün ölkə üzrə 1000 veb-kamera quraşdırılıb.L.Anfimov Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu deyib.
Qonaq vurğulayıb ki, Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir, bu da təbii olaraq seçki prosesinə müsbət təsirini göstərir.
“MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərini izlədik, xalqın öz Liderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqın həmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu tempdə keçəcək”, - L.Anfimov bildirib.(Report)