Tərtər Rayon İcra Hakimiyyətində qonağa Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evinə, sosial obyektlərə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına böyük ziyan dəyib. Dinc əhalidən 16 nəfər, o cümlədən şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
Akio Kanai Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyi və onun yerinə inşa olunmuş yeni evdə yaradılan şəraitlə də tanış olub, ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıb, sonra isə müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub. Qonaq, həmçinin ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə də baxıb. (AZƏRTAC)