22.11.2024, 05:25
AZ EN
27.08.2024, 23:45 225

Qərbi Azərbaycan Xronikası: Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “5600 il əvvəl mövcud olmuş dəfn adəti bu gün Gəncədə icra olunur” adlı veriliş efirə gedib.

Verilişdə erməni arxeoloqların Qərbi Azərbaycan ərazisində, xüsusən Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırmasından, saxta “Ermənistan tarixini” əsaslandırmaq üçün maddi sübutlar axtarmasından bəhs olunur.

Bildirilir ki, Ardanış, Şorca kimi qədim Azərbaycan yaşayış məntəqələrində 20-dən çox qazıntı işləri aparılıb. Tapılan nümunələrin Kür-Araz mədəniyyətinə aid olduğunu etiraf edən erməni arxeoloqlar əslində köçəri mədəniyyətinə məxsus nümunələri özlərinə aid edirlər.

Diqqətə çatdırılır ki, ermənilərə layiqli və əsaslı cavab Azərbaycan arxeoloqlarındandır və Göyçə-Şəmşəddinin sərhədində yerləşən Ağstafa rayonunun Aşağı Kəsəmən və Göycəli kəndi ərazisində yerləşən “Tava təpə” abidəsidir. Belə ki, abidənin tədqiqi nəticəsində son tunc - ilk dəmir dövrünə aid olan ibadətgah aşkar olunub. Arxeoloqların fikrincə, abidə unikallığına görə təkcə ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır. Ardanış və Şorcada ermənilərin apardığı qazıntılarda Azərbaycan mədəniyyətinə aid izlər aşkarlanıb. Unikallığına görə bütövlükdə Qafqazda ilk tapıntı hesab olunan “Tava təpə” ibadətgahında yaşayış 3500 il əvvələ aiddir. Ağstafada tapılan yeməkxana da bütün Qafqaz üçün xidmət göstərib, insanlar 3500 il öncə bura gəlib yemək yeyib. Bu tapıntı bu ərazidə qədimdən yaşayanların kimliyini sübut edir.

Süjetdə “Tava təpə” abidəsi haqqında italiyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Lanerdən sitatlar çəkilir.

Sonda fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun fikirlərinə də yer verilir. Qeyd olunur ki, Gəncə Qazax, Daşkəsən, Göygöldə aparılan arxeoloji qazıntılar zamanı tapılan kurqan abidələr, yaşayış yerləri tədqiq edilir. İndiyə qədər Azərbaycanda, təxminən, 20 bu tip kurqan tədqiq olunub.

Onun sözlərinə görə, Qafqazda erkən kurqan mədəniyyəti son Xalqolitdən başlayır: “Eramızdan əvvəl 3600-cü ildən erkən Kür-Araz tayfalarında, kurqanda dəfn ənənələri mövcud olub. Kurqanların giriş qapısı bu səbəbdən Şərqdən qoyulub. Azərbaycanın Qərb bölgəsindən tapılan kurqanlar tarixi əhəmiyyətli gerçəyi üzə çıxarır. Dəfn başa çatdıqdan sonra kurqana od vurulub yandırılırdı. Odun ruhu təmizləyici güc olaraq istifadə olunması adəti də var idi. Gəncədə mövcud olan sərdabə 5600 il əvvəl mövcud olan sərdabənin eynisidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 27-də saat 20:30-da «Baku TV»nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb. (Report)

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=8QYCwrDkpX4

Oxşar xəbərlər

SON XƏBƏRLƏR