23.12.2024, 02:46
AZ EN
26.08.2024, 19:19 163

Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş mənada regional əks-sədasını gözləmək olar

XƏBƏRLƏR
  • Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş mənada regional əks-sədasını gözləmək olar.

Bunu açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana 23-24 avqustda baş tutan dövlət səfəri bir çox baxımdan tarixi əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, bu səfərdən əsas yaddaqalan hadisə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olub:

“Bu müqavilənin imzalanması ilə Mərkəzi Asiya dövlətləri arasında Özbəkistan Azərbaycanın hüquqi baxımdan ən üst səviyyəli münasibətlər qurduğu dövlətə çevrildi. Azərbaycan öz regionunda əsas gücdür, Özbəkistan isə Mərkəzi Asiyada əsas iqtisadi və siyasi güc mərkəzinə çevrilməkdədir. Daha geniş pəncərədən baxsaq, Cənubi Qafqaz və Mərkəzi Asiya Xəzər regionunun bir parçasıdır, Orta Dəhliz regionudur. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirməsinin əsasında həm də iqtisadi və siyasi maraqlar dayanır. Ancaq bununla belə, iki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı dövlət başçılarının şəxsi münasibətlərindən qaynaqlanır. Onların münasibətlərinin yüksək səviyyəsi digər sahələrdə əməkdaşlıqda təkan rolunu oynayır”.

N.Əhmədov hesab edir ki, Avrasiya materikində baş verən proseslər Azərbaycanı Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirməyə sövq edir.

“Səfər çərçivəsində digər diqqət çəkən məqam Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın I iclasının baş tutmasıdır. Çünki ancaq müttəfiqlik səviyyəsində olan dövlətlər arasında bu cür dövlətlərarası şura mövcud olur”,-politoloq qeyd edib.

Siyasi şərhçi səfər zamanı çoxsaylı razılaşmaların əldə olunmasına da diqqət çəkərək vurğulayıb ki, onların çoxu iqtisadi xarakter daşıyır:

“Birgə yaradılan İnvestisiya Fondunun layihə dəyərinin 500 milyon dollardan 1 milyard dollara qədər artırılması məsələsinin gündəmə gətirilməsi də iki ölkə arasındakı iqtisadi əlaqələrinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan və Özbəkistan arasındakı bu fond təkcə iki ölkə daxilində yox, üçüncü ölkələrdə də birgə investisiyaların təşviq edilməsi ilə bağlı məsələlərin müzakirəsinə imkan verir. Bu baxımdan, Əfqanıstanda Azərbaycan və Özbəkistanın birgə investisiyasının qoyulması ilə bağlı məsələ gündəmdədir. Birgə əməkdaşlığın daha geniş coğrafiyada təmsil olunması baxımından bu, diqqətçəkən məqamdır”.

N.Əhmədovun fikrincə, dövlətlərarası ticarət dövriyyəsinin son beş ildə üç dəfədən çox artması və cari ilin ilk aylarından artımın müşahidə edilməsi onu deməyə əsas verir ki, gündəmdə duran əsas məsələ iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsidir:

“İki ölkəni birləşdirən daha vacib iqtisadi məqam isə nəqliyyat dəhlizidir ki, bu, daha çox Orta Dəhlizlə bağlıdır. Orta Dəhliz hər iki ölkənin maraqlarının kəsişdiyi layihədir. Xüsusilə Özbəkistan üçün Avropa Bazarlarına çıxış imkanı verir. Nəqliyyatdan sonra digər vacib əməkdaşlıq istiqaməti enerji sahəsidir. May ayında Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında üçtərəfli enerji razılaşması əldə edilib. Bu razılaşmaya əsasən, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji mənbələrindən əldə etdikləri enerji Azərbaycan üzərindən Avropa bazarına çıxarılacaq. Bu layihə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstanın dördtərəfli razılaşmasının bir əlavəsi kimi də nəzərdən keçirilə bilər”. (Report)

Oxşar xəbərlər