07.06.2025, 18:57
AZ EN
25.08.2024, 13:42 315

Əslən Qərbi azərbaycanlı şair: Hər ötən günün bizi Vətənimizə bir addım daha yaxınlaşdırdığına əminəm

XƏBƏRLƏR
  • Dünyanın axarına baxdıqda, keçmişdən bu günədək heç bir tarixi həqiqətin silinmədiyi, yox olmadığını görmək o qədər də çətin deyil. Qərbi Azərbaycan həqiqətləri də tariximizin sənədli-sübutlu bir parçasıdır. O yerlərin bizim əzəli ata-baba yurdumuz olduğu həqiqəti bir çox tarixi sənədlər, xəritələr, ən əsası isə yaddaşlardan əsla silinməyəcək xatirələrlə möhürlənib. Elə bu səbəbdən də ermənilərin uydurduqları yalanları uğursuzluğa məhkumdur. Bizim əlimizdə sübutlarımız var, onların isə sadəcə özləri və özləri kimilərin inanacağı boşboğazlıqları.

Bu sözləri əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan şair Emir Şıktaş bildirib.

Hazırda Türkiyənin İğdır şəhərində yaşayan və “Yeşil İğdır” qəzetinin müxbiri kimi fəaliyyət göstərən Emir Şıktaş 1500-dən çox şeirin yer aldığı üç kitabın müəllifidir.

Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisi olan, əzəli Azərbaycan yurdundan deportasiyası olduqca faciəli, dəhşətli hadisələrlə müşahidə edilib. Ötən əsrin müxtəlif dövrlərində təxminən yüz il ərzində insanlarımız öz yurd-yuvalarından bir çox faciələr, soyqırımları, qırğınlarla qovulublar.

“Bu təzyiqlərə davam gətirə bilməyən ailələrdən biri də əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan Şıktaşiar, yəni mənim ailəm olub. Şıktaşlar 1890-cı illərdə doğma Vətənlərindən zorla qovularaq Gəncəyə yerləşiblər. Onlar burada uzun müddət yaşadıqdan sonra İğdıra köçüblər. Bəziləri Qaraqoyunlu, bəziləri isə Göyçəli kəndlərində məskunlaşıblar. Onlar buradan uzaqlardakı dumanlı-çənli dağlara baxaraq Vətən həsrəti ilə alışıb yanıblar”- deyə müsahibimiz bildirib.

Ailəsi ilə bağlı xatirələrini bizimlə bölüşən həmsöhbətimiz sözlərinə belə davam edib: “Təxminən 5-6 yaşım var idi. Babam tez-tez bütün nəvələrini toplayıb ermənilərin onların başına gətirdiyi müsibətləri danışardı. O, bunu bizim bilməyimizi, gələcək nəsillərə çatdırmağımızı çox istəyirdi. Hər dəfə də bütün bu olanları, ermənilərin torpaqlarımıza necə sahıb çıxdığını, bizim öz dədə-baba yurdumuzdan zülmlə qovulduğumuzu övladlarımıza danışmağımızı tapşırırdı. Babam ermənilərin türk sözünə belə düşmən olduğunu, siz türksünüz deyərək onlara olmadıq işgəncələr etdiyini xatırlayaraq qisaslarının alınmasını göz yaşları ilə bizdən istəyərdi”.

Danışdıqca səsi titrəyən Emir bəy sözlərini yarıda kəsərək bununla barışmaq, olanları yaddan çıxarmağın əsla mümkün olmadığını deyir (gözləri dolur).

Babası ilə yanaşı nənəsinin də erməni zülmünə məruz qalanlardan olduğunu bildirən həmsöhbətimiz deyib: “Onların bizə danışdığı qandondurucu hadisələr heç vaxt yaddaşımdan silinməyəcək. Nənəmin ailəsi də elindən-obasından didərgin salınıb. Ermənilər onları da zülmlə evlərindən çıxararaq bir naməlumluğa doğru göndəriblər. Lakin müsibət təkcə yurd-yuvasından qovulmaqla bitməyib. Qaçaqaç zamanı nənəmin atası, anası, qardaş və bacıları yolda ermənilər tərəfindən vəhşicə öldürüblər. Nənəm onların əllərindən xilas ola bilib və təkbaşına İğdıra gəlib. O zamanlar sahibsiz qalan uşaqlara Musa Kazım Karabekir sahib çıxarmış. Karabekir bu uşaqları toplayaraq böyüdüb. Sonra isə güvəndiyi ailələrlə izdivacına icazə verib. Nənəm də bu çoxsaylı uşaqlardan bir idi”.

Türkiyədə doğulub boya-başa çatmasına baxmayaraq “haralısan?” sualına “göyçəliyəm” cavabını verən Emir Şıktaş “Belə deməsəm babam və nənəmin ruhunun məndən inciyəcəyindən qorxuram. Həm də insan öz dədə-baba yurdunu unutmamalıdır. Bəli, mən əslən göyçəliyəm və Göyçənin adı gələndə ürəyim sızıldayır” -deyərək o xatirələrə həsr etdiyi şeirini bizimlə bölüşür:

“El obamız dağıldı mən də İrəvanlıyam,

İydəli, Vedili, Göyçə göl, Zəngibasarlıyam.

Qərbi Azərbaycana qayıdışın hər şeydən əvvəl tarixi ədalətin bərqərar olması kimi qiymətləndirən müsahibimiz deyib: “Bu torpaqlar tarixən Azərbaycanın bir hissəsi olub. Çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə erməni ailələrinin bu ərazilərə köçürülməsi nəticəsində azərbaycanlılar öz doğma torpaqlarında müxtəlif təzyiqlərə məruz qalıb. Onların bir çoxu isə məlum olduğu kimi, bu işgəncə və zorakılıqlara dözməyərək öz yurd-yuvalarını tərk etməyə məcbur qalıblar”.

Bir Azərbaycan sevdalısı olan Emir Şıktaş yazdığı kitablardakı şerlərin böyük əksəriyyətini Azərbaycana, Qarabağa, Gəncəyə, İrəvana, Şuşaya və Xocalı soyqırımına həsr edib.

“Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində otuz ildən artıq işğal altında olan torpaqlarını azadlığa qovuşduraraq milli qürurumuzu bərpa etdi. Müharibə dövründə Gəncəyə raket atılması xəbərini eşitdiyim an sanki dizlərimin bağı qırıldı. Axı babamın ən gözəl xatirələri o şəhərlə bağlı idi. Elə o raket də Azərbaycan xalqının məğrurluğunun rəmzlərindən birinə çevrildi. Bu müharibə həm də, Azərbaycan xalqının öz haqqını qorumaq bacarığını bütün dünyaya sübut etdi. Prezident İlham Əliyevin hər birimizi qürurlandıran qətiyyəti və əzmi isə Azərbaycanın gec-tez istəyinə nail olacağını nümayiş etdirdi. Bu, bizə də qəlbimizdəki Qərbi Azərbaycana qayıdışın bir xəyal deyil, həqiqət olduğunu göstərdi. Mən buna bütün varlığımla inanıram. Əminəm ki, hər ötən gün bizi o günlərə bir addım yaxınlaşdırır. Bax o zaman nənə və babalarımızın ruhları şad, bizim isə arzularımız çin olacaq”, - deyə müsahibimiz sözlərini tamamlayıb. (AZƏRTAC)

Oxşar xəbərlər