Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yaşıl enerjiyə keçid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dünyadakı hərbi-siyasi, iqtisadi təlatümlər şəraitində qlobal investisiya layihələrini uğurla reallaşdırmasının daha bir mühüm göstəricisidir. İstifadəyə verilən su, külək və günəş elektrik stansiyaları istər ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərsə də “yaşıl enerji”nin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Qlobal əhəmiyyətli bu layihələrə maraq, eyni zamanda, Azərbaycanın alternativ və bərpa olunan enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. Respublikamız son illərdə bu sahənin inkişafına daha çox investisiya yönəltməklə, perspektivdə Avropanın elektrik enerjisi ilə təchizatında mühüm rol oynamaq niyyətindədir.
Son üç ildə Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınan, böyük təcrübəsi olan, 30-dan artıq ölkədə “yaşıl enerji” layihələri həyata keçən “Masdar”, eləcə də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətlərinin Azərbaycana böyük həcmdə investisiya yatırmaları ölkəmizdə münbit investisiya iqliminin mövcudluğunu bir daha təsdiqləyir. Eyni zamanda, dünyanın əksər ölkələri və nüfuzlu şirkətləri Azərbaycanı öhdəliklərinə sadiq etibarlı tərəfdaş kimi qəbul edirlər.
Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron” Külək, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik stansiyaları ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələrdir. Bu stansiyaların fəaliyyəti nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir;
Ekspertlərin hesablamalarına əsasən, Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qiqavatdan çoxdur. Bu sahədəki zəngin potensialın aşkarlanması, səmərəli istifadəsi ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın elektrik enerjisinə artan ehtiyacının əhəmiyyətli dərəcədə ödənilməsinə imkan verəcək.
Azərbaycan alternativ mənbələr hesabına enerji istehsalına xüsusi diqqət yetirməklə, istilik elektrik stansiyalarının fəaliyyəti üçün sərf edilən mazut yanacağının və təbii qazın həcminə qənaət etməyi hədəfləyib. Nəticədə, ölkəmizin Avropaya daha böyük həcmdə təbii neft-qaz ixrac etmək imkanı qazanacağı, gəlirlərini artıracağı gözlənilir. (Trend)