"Vətən səsi" xəbər verir ki, bu ritorik sualları politoloq Zaur Məmmədov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanla Ermənistan arasında münasibətlər və sülh danışıqları barədə açıqlamalarına cavab olaraq söyləyib. O, Toivo Klaarın Azərbaycanın daxili işlərinə qarışmaqda və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməkdə qınayıb: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirləri qəbuledilməzdir. Onun Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Bu fakt Qarabağ erməniləri, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlərin, "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir".
Zaur Məmmədov həm 44 günlük müharibəyə qədər, həm də ondan sonrakı dövrdə Qərbdəki bəzi dairələr ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra da Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr məkrli siyasətini davam etdirir: "2020- 2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasında və digər qurumlarda separatçıları və terrorçuları müdafiə edən, Azərbaycan dövlətini günahlandıran müzakirələri bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. İndi, niyə Qərbdəki bu dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını düşünür? Fakt odur ki, Toivo Klaar müsahibəsində qayıdışla bağlı məsələləri iki hissəyə ayırır. O, ermənilərin Azərbaycanın digər hissələrinə, azərbaycanlıların Ermənistana qayıdışı məsələsini gündəmə gətirir. Vaxtilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan "azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər" deyirdi. Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar, indi ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edir. Sözsüz ki, heç kəs onların istəkləri ilə oturub-duran olmayacaq”.
Politoloq hesab edir ki, azərbaycanlılar tariti ata-baba yurdu olan Qərbi Zəngəzura, Göyçəyə qayıtmadıqları halda iki xalq arasında yeni mərhələdən danışmaq tezdir: “Ermənilərin Qarabağa qayıdışını ayrıca qeyd etmək, azərbaycanlıların qayıdışına cavab olaraq ermənilərin Bakıya, Gəncəyə və sair məntəqələrə qayıdışı haqqında danışmaq yolverilməzdir”.
Elxan SALAHOV