"Zəngəzur dəhlizinin ilin sonuna kimi açılması ilə bağlı pərdəarxası razılaşmalar var".
"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Davit Karapetyan deyib. O, qeyd edib ki, Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb. Lakin Paşinyan hökuməti bu məsələdə İranın razılığını ala bilmədiyi üçün pərdəarxası razılaşmaları hələ ki, məxfi saxlayır. Ermənistanın Baş nazirinin İranın ali rəhbəri ilə görüşündə Zəngəzur dəhlizinin İrəvanın maraqlarına uyğun olmamasını barədə dedikləri də bununla bağlıdır.
“Paşinyan Tehranda Xamenei ilə görüşəndə ikinci dəhlizin açılmasının əleyhinə fikirlər səsləndirdi. Lakin bu fikirlər rəsmi İrəvanın yaydığı məlumatda əksini tapmamışdı. Çünki Paşinyan Azərbaycan prezidentinin qəzəbinə tuş gəlməkdən çəkinir. Xameneinin dəhlizlə bağlı dediyi sözlər isə İranda məxfi razılaşmalardan məlumatlı olduqlarını göstərir. Düşünürəm ki, Zəngəzur dəhlizinin ilin sonuna qədər açılması ilə bağlı razılaşmalar var. İran bundan xəbərdardır, Xamenei də Paşinyana birbaşa mətnlə izah etdi ki, bu, onların “qırmızı xətti”dir”, - Davit Karapetyan əlavə edib.
Elxan SALAHOV