19.10.2024, 15:46
AZ EN
17.07.2024, 12:20 252

Çətin kompramislər Azərbaycanı deyil, Ermənistanı gözləyir

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlarda ABŞ-nin fəallığı fərqli situasiya ilə izah olunur. Görünən odur ki, Amerika prosesdə yer almaq üçün bütün imkanlarını səfərbər edib. Az qala hər gün Ağ Ev rəsmiləri bu mövzuda açıqlama verir. Bu mənada ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Mety Millerin sonuncu açıqlaması da düşündürücüdür.

"Vətən səsi" xatırladır ki, Miller iyulun 15-də verdiyi açıqlamada Bakı və İrəvan arasında sülh danışıqları üzrə irəliləyiş əldə edildiyini deyib. O, əlavə edib ki, sülh razılaşmasında hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompramislər tələb olunacaq.

Bəs, sülh sazişi üzrə təşəbbüsü ələ almaq istəyən ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü “çətin kompramislər” dedikdə nəyi nəzərdə tutur? Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə çalışan Vaşinqton rəsmi Bakıdan nə istəyə bilərlər?

Politoloq Asif Nərimanlı mövzunu şərh edərkən deyib ki, ABŞ Ermənistanın sülh sazişində maraqlarını təmin etməyə çalışır və bunun üçün rəsmi Vaşinqton Bakıdan üç məsələdə geri çəkilməyi xahiş edə bilər: "Birincisi, Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən salınmır. Lakin bunun praktiki mümkünlüyü uzaq perspektivdə də görünmür. Digər tərəfdən, Bakı ermənilərin Azərbaycan vətəndaşlığında yaşamasının əleyhinə deyil və buna qarşı Qərbi Azərbaycana qayıdışı irəli sürür. Bu məsələ daha çox masada Ermənistanın əlini gücləndirmək məqsədilə Azərbaycana qarşı siyasi təzyiq xarakteri daşıyır, lakin effektsiz gedişdir. İkincisi, Bakıdan sərhədin hansı prinsiplərlə delimitasiya ediləcəyi bəndinin sülh sazişinə daxil edilməsini istəyə və bu bəndi İrəvanın “Alma-Ata bəyannaməsi – SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi” istəyinə uyğunlaşdırmağa çalışa bilərlər, bununla qoşunların sərhəddən geri çəkilməsi məsələsi aktuallaşacaq. Ancaq Azərbaycanın bununla bağlı açıq mövqeyi var: uzunmüddətli proses olan delimitasiya sülh sazişindən sonraya saxlanılır və qoşunların geri çəkilməsi müzakirə olunmur.

Politoloq hesab edir ki, ABŞ üçüncü şərt kimi Azərbaycandan “Naxçıvana maneəsiz keçid” istəyindən imtina etməyi və kommunikasiyanın Ermənistanın istəyinə uyğun açılmasına razı olmağı istəyə bilərlər. Asif Nərimanlının fikrincə, bu məsələ Vaşinqtonun Orta dəhliz layihəsində də yer alır: "Lakin Bakının buna razılaşmayacağı aydındır və bu halda ABŞ-ın planı da kağız üzərində qalacaq".

Siyasi şərhçi bildirib ki, çətin kompramislər daha çox Ermənistanın qarşısında duran məsələdir. Onun fikrincə, rəsmi İrəvanı qarşıda kommunikasiyanın açılması tələbi ilə razılaşaraq Naxçıvana maneəsiz keçidin verilməsi, Ermənistan konstitusiyasında və digər hüquqi-aktlarda Azərbaycana qarşı iddiaların aradan qaldırılması kimi çətin məqamlar gözləyir: "Vaşinqton Avrasiyadakı gələcək planları üçün Azərbaycanın mövqeyini nəzərə almalıdır. Lakin tərəflərin Vaşinqton masasında sülh sazişinə dair konkret nəticələr əldə edəcəyi, ümumiyyətlə ABŞ-ın mövcud administrasiyasının buna nail olacağı ehtimalı az görünür".

Elxan SALAHOV

Oxşar xəbərlər