"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, dünən tərəfdarları ilə yenidən görüşən erməni keşiş bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhləsinə hazırlıq gedir. Baqrat Qalstanyan etirazçı dəstələrin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və dəstək almaq, onların əhval-ruhiyyəsinin nə olduğunu anlamaqdır.
Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq. O, payızda keçiriləcək mitinqlərin əvvəlkilərdən fərqli olacağını və daha çox oturak aksiyalarının təşkil olunacağını söyləyib.
Xatırladaq ki, bu ilin aprelindən Ermənistanda siyasi gündəmi qəsb edən arxiyepiskop Baqrat Qalstanyan iyunun ortalarınadək İrəvanda və Tavuş vilayətində keçirilən etiraz aksiyalarının təşkilatçısı kimi tanınır. Onun valideynləri 1971-ci ilin martında İsfahan şəhərinin Şəhrestan qəsəbəsinin ərazisində yerləşən Sangibaran kəndindən indiki Ermənistanın indiki Gümrü şəhərinə köçüblər. İki ay sonra Baqrat Gümrüdə SSRİ vətəndaşı kimi doğulub. Daha sonra onlar İrəvana köçüblər. Baqrat İrəvanda, Böyük Britaniyada təhsil alıb və 2003-cü ildə Kanada Erməni Yeparxiyasının rəhbəri seçilib. O, uzun müddət Kanadada yaşadıqdan sonra yenidən Ermənistana köçüb.
Elxan SALAHOV