Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“Sülh nəqliyyat, kommunikasiya xətlərinin açılmasına, bu da öz növbəsində regional əməkdaşlığın artmasına böyük töhfə verəcək, özü ilə yeni fürsətlər gətirəcək”, - o qeyd edib.
Onun sözlərinə görə, onilliklər ərzində beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalı faktına və üzləşdiyi ədalətsizliyə məhəl qoymayıb: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı torpaqlarını azad edib, ədaləti bərqərar edib”.
“Birinci Qarabağ müharibəsindən sonra bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün əzab-əziyyətinə göz yuman ölkələr indi Azərbaycana qarşı ədalətsiz və əsassız bəyanatlar verirlər. Mən türk dünyasını bu ittihamlar qarşısında Azərbaycana dəstək olmağa çağırıram. Bunu təkcə qardaşlığımız deyil, həm də ədalət tələb edir”, - Türkiyənin vitse-prezidenti qeyd edib. (Report)