21.11.2024, 21:31
AZ EN
17.08.2023, 20:00 239

Rəşad Mahmudov: Ermənistan diplomatik masada növbəti dəfə şok yaşadı

XƏBƏRLƏR
  • BMT Təhlükəsizlik Şurasının iclasında növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələnən Ermənistan bu dəfə də diplomatik masada şok yaşadı. Ermənistanın xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirlər marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində Ararat Mirzoyan ölkəmizi “humanitar fəlakət” yaratmaqda və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan ittihamları ermənisayağı yazıqlıq donuna bürünərək səsləndirdi. Əvvəla, Mirzoyanın çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu. İkincisi, “humanitar fəlakət” Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, əsl humanitar fəlakət Ermənistanın bütün ərazisində yaşanır. İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət deyilmi? Statistika da vəziyyətin dəhşətli olduğunu göstərir, vətəndaşlar ölkədə hökm sürən bu ağır durumla əlaqədar Ermənistanı kütləvi şəkildə tərk edirlər və bu proses hazırda daha geniş miqyas alıb. Sual yaranır: Bunları da Azərbaycan yaradır? Qurumaqda olan gölə bənzəyən Ermənistanın siyasi rəhbərliyi bütün uğursuzluqlardan çıxış yolu kimi Azərbaycanı ittiham etməyə çalışır, xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqla özünə bəraət qazanmaq istəyir. Bu amil bölgədə davamlı sülhün əldə olunması istiqamətində ciddi səylərin göstərildiyi bir vaxtda Ermənistanın atdığı destruktiv addımlarda da açıq şəkildə görünür. Bu baxımdan Ermənistanın sülh gündəliyinə sadiq olmaması və beynəlxalq tribunalarda Azərbaycanı şantaj etməyə çalışması BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə daha qabarıq görünürdü. Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistanın “humanitar böhran”, “blokada” kimi növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.

“BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. Beləliklə, Vətən müharibəsində olduğu kimi, diplomatik masada da qalib Prezident İlham Əliyevin lideri olduğu Azərbaycandır. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yürütdüyü mükəmməl siyasi kurs ölkəmizin diplomatik uğurunun təminatına çevrilib. Bu təminatla Azərbaycanın beynəlxalq aləmdə üstün mövqeyi ilə seçilir, ölkəmizin qlobal nüfuzu gündən-günə artır”, - deyə deputat bildirib. (AZERTAC)

Oxşar xəbərlər