H.Kılıc deyib ki, Ermənistan terror dövləti olmaqdan əl çəkməlidir: “Əgər münaqişəyə son qoyub, sülhə razı olsa, biz də onunla yaxşı münasibətləri qoruyarıq. Bu hadisə Ermənistanın aqressiv hücumu nəticəsində baş verib. Lakin Azərbaycanın anti-terror əməliyyatı bir daha nə qədər güclü ordusu olduğunu Ermənistana, bölgəyə, bütünlüklə dünyaya göstərdi. Biz də Türkiyə olaraq bununla fəxr edirik.
Burada ilk olaraq 2020-ci ildə imzalanan üçtərəfli bəyanata diqqət çəkmək istəyirəm. Bəyanata görə, ermənilər silahlarını atmalıdırlar. Qarabağ erməniləri Azərbaycan torpaqlarında yaşayırlar, Azərbaycan vətəndaşıdırlar. Əgər Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, İrəvana, Ermənistana getsinlər. Ya kasıb erməni kimi yaşamağı, ya da varlı Azərbaycan vətəndaşı olmağı seçsinlər. Amma bölgədə hüzuru, sülhü və sabitliyi pozmasınlar.
Rusiya bölgədə üzərində olan öhdəlikləri yerinə yetirməlidir. Əgər sülhməramlı qüvvələr ordadırsa, baş verən qarşıdurmaların qarşısı alınmalı, ermənilərin silahlarını toplamalıdırlar. Ağdamdakı nəzarət məntəqəsində Türkiyə əsgərləri xidmət göstərir”.
Hulusi Kılıc bildirib ki,Soçidəki görüşdə Qarabağ məsələsinin gündəmə gəlməsi ehtimal olunur: “Bildiyiniz kimi, Azərbaycanın problemi Türkiyənin, Türkiyənin problemi də Azərbaycanın problemidir. Ötən dəfə Tehranda baş tutan zirvə görüşündə də Qarabağ mövzusu müzakirə olunmuşdu. Hər fürsətdə Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini gündəmə gətirməkdə maraqlıdır. Ağdamda Türkiyə əsgərlərinin xidmət göstərməsi də Ərdoğanın bu məsələ haqqında danışması üçün bir səbəbdir”.
Sabiq səfir daha sonra əlavə edib ki, Türkiyənin məqsədi bölgədə sülh və sabitliyi qorumaq, inkişafa yardım etməkdir: “Bu məqsədlə dəfələrlə Ermənistana müraciət olunub. Ermənistan bu həqiqəti qəbul edib. Sülh müqaviəsi üçün addım atmalıdır. Artıq Ermənistan disporun, kilsənin təzyiqlərindən xilas olub, terror dövləti yox, normal bir dövlət kimi Azərbaycanla münasibətlərini qaydaya salmalıdır. Türkiyə və Ermənistan arasında münasibətlərin bərpa olunması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Heç bir fərqli nəsə düşünməsin. İlk olaraq sülh müqaviləsi, sonra Türkiyə və Ermənistan münasibətlərindən danışmaq olar.
Mən Ermənistanın bu hücumunu qınayıram. Əgər bu hücum təkrar olarsa, Ermənistana artıqlaması ilə cavab veriləcək. Türkiyə hər zaman can Azərbaycanın yanındadır və hər zaman da olacaq. Bunu hər kəs bilməlidir. Onsuz da 15 iyul Şuşa bəyannaməsində Türkiyə bu məsələdə lazımi icazələri verib. Şuşa bəyannaməsi vacib sənəddir və bunu heç kim ağlından çıxarmamalıdır”.
Tahirə AĞAMİRZƏ