19.10.2024, 19:28
AZ EN
25.06.2024, 19:16 173

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Mərakeşdə keçirilən 11-ci iclasında iştirak edib.

Ombudsman Aparatından bildiriblər ki, müvəkkil Assosiasiyaya üzv ölkələrin ombudsmanlarının iştirak etdikləri tədbirdə çıxışında hazırda dünyada mövcud olan iqlim problemlərinin insan hüquqlarının gələcəyi ilə bağlı bir sıra narahatlıqlara əsas yaratdığını, ekoloji hüquqların təşviqi ilə əlaqədar beynəlxalq əməkdaşlığın genişləndirilməsinin mühüm önəm daşıdığını vurğulayıb. Ombudsman bu problemlərin qlobal ictimaiyyətin diqqətinə çatdırılmasında və səmərəli həll yollarının tapılmasında milli insan hüquqları təsisatlarının vacib rol oynadığını qeyd edib.

Silahlı münaqişələrin ekologiyaya mənfi təsirlərindən danışan müvəkkil Azərbaycanın üzləşdiyi mina problemindən bəhs edib, azad olunmuş ərazilərdə otuz ilə yaxın işğal müddətində basdırılmış minaların insan həyatına və sağlamlığına təhdid törətdiyini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneə yaratdığını, eləcə də dağılmış infrastrukturun və ekosistemin bərpasının xeyli maliyyə vəsaiti tələb etdiyini diqqətə çatdırıb.

Ölkəmizdə ekoloji problemlərlə bağlı mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən ombudsman ətraf mühitin mühafizəsi ilə bağlı bir çox dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və digər sənədlərin təsdiqləndiyini və icra olunduğunu qeyd edib.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən S.Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini söyləyib. Müvəkkil COP29 çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları mövzusunda Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun keçiriləcəyini söyləyib və Assosiasiya üzvlərini bu tədbirə dəvət edib. (AZERTAC)

Oxşar xəbərlər