Proqramda ortarütbəli diplomatlar, birinci, ikinci katiblər və şöbə müdirlərindən ibarət 19 XİN əməkdaşı iştirak ediblər.
Proqramın həm nəzəri, həm praktiki bacarıqların qazanılmasına yönəlmiş təlimləri çərçivəsində iştirakçılar on bilavasitə bilik-əsaslı və beş praktika-əsaslı sessiyalarda iştirak ediblər.
Bilik-əsaslı sessiyalarda rəqəmsal, iqtisadi, ictimai və mədəni diplomatiya, enerji və ətraf mühit diplomatiyası kimi mövzulara toxunulub.
Həmçinin beynəlxalq humanitar hüquq, insan hüquqları, geosiyasət, müasir qlobal iqtisadi trendlər və diplomatik protokol kimi mövzular da sessiyalar zamanı əhatə edilib.
Praktika-əsaslı sessiyalarda isə diplomatik danışıqların aparılması, siyasi analiz, ictimaiyyət qarşısında çıxış, tədbir və layihələrin idarə edilməsi mövzuları tədris edilib.
Proqramın bu gün baş tutan bağlanış mərasimində ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və onun müşaviri Aygün Hacıyeva iştirakçılara sertifikatlarını təqdim ediblər, onlara şərəfli peşələrində və diplomatik fəaliyyətlərində uğurlar arzu ediblər.
Qeyd edək ki, Proqram çərçivəsində əhatə edilən mövzular ADA Universitetinin professor-müəllim heyəti, habelə, millət vəkilləri, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yüksək səlahiyyətli rəsmiləri və ölkəmizin İrandakı Fövqəladə və səlahiyyətli səfiri, beyin mərkəzlərinin və ictimai qurumların nümayəndələri tərəfindən tədris edilib.
Çıxışçılar iştirakçıları regional dinamika, xüsusilə də Qarabağın işğaldan azad olunması ilə regionun geosiyasi görünüşü, eləcə də dünyada gedən qlobal proseslər fonunda özünü büruzə verən çağırışlar barədə məlumatlandırıblar. (Report)