Bu barədə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada mayın 8-də Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın bundan əvvəlki iclasının yekunları üzrə tərəflərin planlaşdırdığı 86 məsələdən 64-ü uğurla realizə olunub.
“Bu gün biz istehsalat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyinə diqqət yetirərək, iqtisadi qarşılıqlı əlaqə üzrə yeni tədbirlər planını nəzərdən keçiririk. Həm dövlət təşkilatları, həm də biznes dairələri arasında geniş təcrübə mübadiləsinin qurulması planlaşdırılır”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.
O deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bugünkü - 11-ci iclasının yekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgə addımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb. Xüsusilə iki ölkənin ticarət nazirliyi tərəfindən Türkiyə və Azərbaycan arasında ticarətin daha da sadələşdirilməsi üzrə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Həmçinin Türkiyə-Azərbaycan birgə gənclər forumunun keçirilməsi planlaşdırılır.
“Ötən ilin nəticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq məqsədi qoyulub. Əminəm ki, biz tezliklə məqsədimizə nail olacağıq. 2021-ci ildə qüvvəyə minmiş güzəştli ticarət barədə sazişin çərçivələrinin genişləndirilməsi də buna xidmət edir”, - deyə Cevdet Yılmaz vurğulayıb.
O qeyd edib ki, Türkiyənin Azərbaycanın iqtisadiyyatına qoyduğu birbaşa sərmayələrinin həcmi 13 milyard ABŞ dollarına çatıb, eyni zamanda, Azərbaycanın Türkiyəyə sərmayələrinin həcmi 21 milyard dolları ötüb. Türkiyənin podratçı şirkətləri bu günə qədər Azərbaycanda ümumi dəyəri 19,3 milyard dollar məbləğində 526 layihə həyata keçiriblər.
Cevdet Yılmaz Türkiyə tərəfinin erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesində də maksimal töhfə verməyə hazır olduğunu qeyd edib.
“XXI əsr təkcə Türkiyə Cümhuriyyətinin yeni uğurları dövrü deyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeni yüzilliyidir”, - deyə Türkiyənin Vitse-prezidenti vurğulayıb. (AZERTAC)