15.05.2024, 06:47
AZ EN
29.04.2024, 15:39 217

Ermənistan 4 kəndi qaytarılır - bəs, digər 4 kəndin taleyi...

XƏBƏRLƏR

Ermənistan Qazaxın işğal altında saxlanılan 4 kəndinin Azərbaycana qaytarılmasına razılıq verəndən sonra başlanmış delimitasiya prosesinin davam edir. Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.

"Vətən səsi" xəbər verir ki, iki ölkənin Baş nazirlərinin müavinləri arasında aprelin 19-da sərhəddə keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən, sərhəd xəttinin həmin kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilir. Bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.

Nəzərə alsaq ki, Ermənistanın işğalı altında 4 esklav kənd (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki (Naxçıvan) də var, belə bir sual  ortaya çıxır: həmin kəndlərin taleyi necə olacaq?

Siyasi şərhçi Asif Nərimanlı da hesab edir ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra anklavlar məsələsinin necə həll ediləcəyi məsələsi ciddiləşir. Xüsusilə Başkəndin taleyinin necə olacağaı məsələsi Azərbaycan üçün sox vacibdir. Onun fikrincə, anklavların qaytarılmasında iki problemli məqam var.


Birincisi, Qazaxın anklav olan üç (Yuxarı Əskipara, Bərxudarlı, Sofulu) və Naxçıvanın Kərki kəndinin qaytarılması üçün dəhlizlərə ehtiyac var. Ekspert bildirir ki, Azərbaycan və Ermənistan cəmiyyəti arasında etimad mühitinin olmadığını nəzərə alsaq, cari dövrdə belə dəhlizlərin açılması təhlükəsizliyin üçüncü qüvvə tərəfindən təmin edilməsi zərurətini yaradır. Bu isə nə Bakının, nə də İrəvan marağında deyil.

İkincisi, Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsidir. Halbuki, Başkənd Azərbaycan torpağıdır və SSRİ dövründə digər ərazilərimiz kimi “otlaq və əkin sahəsi” adı altında ermənilərə bağışlanıb. Həmçinin bu kəndin strateji əhəmiyyəti onun qaytarılmasının Azərbaycana təkcə coğrafi yox, hərbi baxımdan da itkilər vəd edir. Asif Nərimanlının fikrincə, bu vəziyyət “anklavlar məsələsi necə həll edilməlidir” sualını ön plana çıxarır: "Həll yollarından biri “barterin” edilməsidir. Bu halda Başkənd bizdə qalır, Qazaxın üç kəndi və Kərki ermənilərə verilir: Ermənistan bunda maraqlıdır, Paşinyan “dəhlizlər” məsələsinin çətinliyini əsas gətirərək bu təkliflə çıxış etmişdi".

Bununla belə, siyasi təhlilçi hesab edir ki, məsələ təkcə “dəhliz çətinliyi” ilə məhdudlaşmır. Onun fikrincə, İrəvan anlayır ki, Başkəndi alsalar da erməni əhalisinin burada yaşaması qeyri-mümkün olacaq: SSRİ dövründə kənddə yaşamış ermənilər geri qayıtmaq istəmədiklərini bildiriblər: "Kərki kəndi Azərbaycana Ermənistanın Şimal-Cənub magistral yoluna, Qazaxın üç kəndi isə Ermənistan-Gürcüstan magistral yoluna nəzarət etmək imkanı verir. Ermənistan həm də buna görə “barter”in tərəfdarıdır. Lakin Azərbaycan üçün bu o qədər də məqbul deyil. Çünki qalib tərəf olan Azərbaycan öz tarixi torpağı olan Başkəndi verməməklə yanaşı, 4 anklav kəndin azad edilməsi strategiyasından da imtina etməməlidir. Üstəlik Kərki və Qazaxın üç kəndinin azad edilməsi bizə həm də strateji üstülük qazandıra bilər. Bu baxımdan, anklavlar məsələsinin sonrakı dövrə saxlanılması daha məqbul variantlardan biri kimi görünür. Bunun üçün Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında qəbul edilən Alma-Ata bəyannaməsi – İrəvanın istədiyi “Sərhəd SSRİ dağılanda mövcud xətlər üzrə çəkilsin” prinsipi sərhədin digər hissələrinin delimitasiyasında əsas götürülməməlidir. 19 aprel razılaşması Azərbaycana bu imkanı verir. Başkəndi vermədən, Kərki və Qazaxın üç kəndinin azad edilməsinin yollarından biri Azərbaycanın Ermənistan üzərindəki üstünlüyündən istifadə etməsidir: sülh sazişi bağlana, sərhədin müəyyənləşməsi hissə-hissə aparıla və bu müddətdə rəsmi İrəvanın marağında olacaq təkliflər irəli sürülə bilər, misal üçün, bu kəndlərə iqtisadi yatırımların edilməsi, yaxud Ermənistanın regional layihələrə qoşulması və s. Mövcud vəziyyətdə Başkəndin gündəmə gətirilməsinə lüzum yoxdur".

Elxan SALAHOV

Oxşar xəbərlər