Bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.
Siyasi şərhçinin fikrincə, hazırda görünən odur ki, Azərbaycanın qətiyyətli mövqeyi, görüş öncəsi ortaya qoyulan sərt reaksiya ABŞ və Avropa İttifaqını geri addım atmağa, ən azından rəsmi Bakının maraqlarına uyğun açıqlamalar verməyə vadar etdi.
“Bir daha şahid olduq ki, Qərb dairələri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli və milli maraqlara söykənən prinsipial siyasətlə hesablaşmağa məcburdur. Çünki Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra bölgəmizdə yeni reallıqlar yaradıb. Əlbəttə ki, bu reallıqları kim formalaşdırıbsa, prosesi də o idarə etməlidir. Anti-Azərbaycan qüvvələr bu reallıqları həzm etməyə bilərlər, amma hesablaşmamaq mümkün deyil”, - deyə S.Kərimli diqqətə çatdırıb.
Bir məqamı da xüsusi vurğulayan siyasi şərhçinin sözlərinə görə, Ermənistanı alətə çevirən ABŞ və Aİ Cənubi Qafqazda qarşıdurma yaratmaq, yeni münaqişə ocağı alovlandırmaq və bununla da bölgəmizdə hegemonluq etməkdə maraqlıdır. Ermənistanın silahlandırılması, bu ölkəyə açıq maliyyə dəstəyi göstərilməsi, son olaraq Brüsseldə aparılan gizli sövdələşmələr fonunda bölgəmizin ciddi təhlükələr astanasında olduğu faktdır.
“Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də Qərbin mənfur planlarını, Qafqazda gərginlik yaratmaq istəklərini fiaskoya uğradacaq”, - deyə siyasi şərhçi əminliklə deyib. (Trend)