"Vətən səsi" xəbər verir ki, “Artsax məsələləri komitəsi”nin üzvləri bu günlərdə Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər. Ermənistan mətbuatının yaydığı məlumata görə, revanşistlər bəzi məsələdə Armen Qriqoryandan kölgə dəstəyi ala biləcəklərinə ümid bəsləsələr də, xəyal qırıqlığına uğrayıblar.
Bildirilir ki, qondarma “Artsax məsələləri komitəsi” əvvəlcə görüş üçün iki variantı müzakirə ediblər: onlar ya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, ya da xarici işlər naziri Ararat Mirzoyanla görüş barədə danışıblar. Uzun müzakirələrdən sonra əslən Qarabağdan olan Qriqoryanla görüşə üstünlük verilib. Qondarma qurum Qriqoryanın əslən qarabağlı olduğunu və vaxtilə Hadrut qəsəbəsində yaşadığını nəzərə alaraq onun revanşistlərin həmfikirinə çevriləcəyinə ümid ediblər. Belə bir görüş olsa da, Ermənistan Təhlükəsizlik Şurasının katibi qondarma “Artsax məsələləri komitəsi”nin nümayəndələrini məyus edib və onlar necə deyərlər, suyu süzülə-süzülə zalı tərk ediblər.
Ermənistan mətbuatı yazır ki, Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq keçib. Belə ki, cəmi 20-30 dəqiqə çəkın görüşdə qondarma qurumun “missiyası” təqdim olunub. Revanşistlər Armen Qriqoryana başa salmağa çalışıblar ki, “Artsax məsələsi”ndə böyük nəticə əldə etmək mümkün olmasa da, heç olmasa, belə görüşlər onu “isti” saxlayacaq, eyni zamanda bu, Ermənistanın Azərbaycan qarşısında müdafiəsinin güclənməsinə töhfə verəcək. Lakin Armen Qriqoryan “komitə”ni sona qədər dinləmək belə istəməyib və açıq şəkildə bildirib ki, “Artsax məsələsi” bağlıdır, bitib və Ermənistan hökuməti bu məsələnin gələcəyi üçün heç nə görmür.
Xatırladaq ki, Ermənistanda radikal-revanşist qüvvələrin yaratdıqları qondarma “Artsax məsələləri komitəsi” sabiq xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın rəhbərliyi ilə yanvar ayında fəaliyyətə başlayıb. Qondarma qurumun əsas hədəfi “Artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir. Oskanyan və “komitə”nin bir sıra üzvləri bu yaxınlarda Avropada müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçiriblər. Guya, komitə bu görüşlərlə siyasi qüvvə kimi beynəlxalq mandat almaq istəyib.
Elxan SALAHOV