Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, missiya 2023-cü ilin yanvarında yaradılıb.
“Yaradılan zaman missiyanın səlahiyyət müddəti 2 ay idi, lakin sonradan bu müddət 2 ilə qədər uzadıldı. Bununla yanaşı, missiya iştirakçılarının sayı da artırıldı. Əvvəl missiya iştirakçılarının sayı 100 nəfərdən ibarət idi, sonra 138 nəfər oldu, ötən ilin dekabrda isə 209 nəfərə qədər artırıldı.
Görünən odur ki, missiyanın məqsədi heç də regiona sülh gətirmək deyil, regionda öz yerini möhkəmləndirməkdən ibarətdir. Aİ bu missiya ilə Ermənistan vasitəsilə regionda möhkəmlənməyə cəhd edir. Ermənistan heç vaxt müstəqil siyasət aparmayıb. Əgər Avropa İttifaqı regionda sülhün və sabitliyin bərqərar olmasında bu qədər maraqlıdırsa, bəs 30 il ərzində Azərbaycan torpaqları erməni işğalı altında qaldığı zaman nədən regiona heç bir missiya göndərmirdi, Ermənistana heç bir təzyiq göstərmirdi?! İndi isə Avropa İttifaqı Ermənistana missiya göndərir. Avropa İttifaqının bu bu canfəşanlığı regionda öz maraqlarını təmin etmək istəyindən irəli gəlir”, - deyə deputat əlavə edib.
S.Hüseynova vurğulayıb ki, hazırkı vəziyyətdə Ermənistanda belə bir missiyanın fəaliyyətinə heç bir ehtiyac yoxdur.
“Bu missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində nəyin monitorinqini aparacaq? Baş verən proseslərin xronikası onu göstərir ki, bu proseslər məqsədli şəkildə həyata keçirilir və bir mərkəzdən idarə olunur. NATO-nun baş katibi Stoltenberq və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda 2024-cü ilin aprelin 5-də ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyenin Paşinyanla geniş tərkibdə görüşü keçiriləcək. Bu baxımdan, missiyanın da görüşə az bir müddət qalmış ratifikasiya edilməsi məhz bu görüşlə bağlıdır.
Eyni zamanda, ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamağa hazırlaşdığı ehtimal olunur. Sual ortaya çıxır, Ermənistanı hansı təhlükədən qoruyurlar?! Azərbaycanla Ermənistan arasında həssas sülh prosesinin getdiyi bir vaxtda Ermənistana təhlükəsizlik zəmanətinin yaradılması heç bir məntiqə sığmır. Bu, əksinə, sülh prosesinə tamamilə ziddir və regionda məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Bu, Azərbaycana qarşı atılan bir addımdır. Azərbaycan məhz elə regionda sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib, bu istiqamətdə təklifləri irəli sürüb.
Əslində, burada məqsəd təhlükəsizlik zəmanəti adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi isifadə etməklə, Cənubi Qafqazda öz çirkin maraqlarına nail olmaqdır.
Bu addım regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Bu, təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, Rusiya və İrana qarşı da atılan bir addımdır. Qərb bu yolla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa cəhd edir. O cümlədən, bu vəziyyət İranın təhlükəsizliyinə ciddi təhdid yaratmaqdadır. Bu, onu deməyə əsas verir ki, ABŞ və Aİ regionda vəziyyəti gərginləşdirərək, öz rəqibləri üçün yeni münaqişə ocaqları yaratmağı planlaşdırır. Ancaq hesab edirəm ki, bu ssenaridə ən çox əziyyət çəkən elə məhz Ermənistan özü olacaq. Ona görə ki, Ermənistan bu ssenaridə sadəcə bir vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi qaçılmaz olacaq”, - deyə deputat əlavə edib. (Trend)