28.04.2025, 18:44
AZ EN
14.01.2022, 15:00 279

Prezident İlham Əliyev: “Bu, miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır”

XƏBƏRLƏR

“Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik”. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı ötənilki işlərin davamı olaraq bu il işğaldan azad olunan ərazilərdə hansı işlərin görülməsinin nəzərdə tutulduğu barədə Real TV-nin əməkdaşı Səbinə Ağayevanın sualını cavablandırarkən deyib.

Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar

Ötən il çox böyük proqramın icrasına başlanıldığını vurğulayan dövlətimizin başçısı görülən işlərin sadalanması üçün çox vaxtın məhdudluğunu diqqətə çatdırıb, lakin əsas məsələləri bir daha qeyd etməyin, həmçinin müharibədən çıxmış ölkələrin təcrübəsi baxımından bunun tarixən ən genişmiqyaslı proqram olduğunu Azərbaycan vətəndaşlarının görməsinin vacibliyini bildirib. Bu proqramın heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına həyata keçirilməsinin özəlliyini xatırladan Prezident İlham Əliyev görülən işlərin ardıcıllığnın məntiqə əsaslanmasının, ilk növbədə, minalardan təmizləmə işləri aparılmasının vacibliyini qeyd edib, bu sahədə həm ANAMA-nın, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin fəal işlədiklərini bildirərək deyib: “...Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməli idi ki, artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir. İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. İndi təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağmaya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik.

Ondan sonra şəhərlərarası yollar. Bu prosesə start verildi və geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, nə verəcək? Onu verəcək ki, biz Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ bilərik, artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını, bəlkə də, sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir.

Dəmir yolları. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlamışıq. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq.

Tarixi abidələrin bərpası. Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni, bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim. Ona görə, 2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir.

Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib, təməli qoyulub, artıq praktiki inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından. Çünki bu, çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq”.

Müsahibədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə yanaşı, ölkəmizdə 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, xarici siyasət və digər məsələlərə dair sualları da cavablandırıb.

Məğlubiyyətdən hələ özlərinə gələ bilməyiblər

“Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək”. Prezident İlham Əliyev müsahibədə Ermənistanda revanşizm meyilləri ilə bağlı sualı cavablandırarkən belə deyib. Ermənistan rəhbərliyinin və bütövlük­də cəmiyyətinin müharibədəki məğlubiy­yətdən hələ özünə gələ bilmədiyini vur­ğulayan dövlətimizin başçısı deyib: “Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiy­yətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək”.

Laçın dəhlizi nəzarətimizdədir

Prezidenti İlham Əliyev sülhməramlıların fəaliyyətinə daha geniş prizmadan yanaşmağın vacibliyini qeyd edərək qıcıq doğuran məqamların az olmadığını bildirib. Eyni zamanda deyib ki, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Dövlətimizin başçısı deyib: “Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə, deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram”.

Prezident İlham Əliyev ötən ilin bir çox şeylərə aydınlıq gətirdiyini vurğulayaraq deyib: “…Bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər”.

Qıcıq doğuran məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, - deyə Prezident vurğulayıb.

İndi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır

“Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik,” - deyə Prezident İlham Əliyev müsahibə vurğulayıb.

Dövlətimizin başçısı deyib: “Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiq­liklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”.

Hərbi quruculuq məsələləri həmişə gündəlikdədir

Müsahibədə hərbi quruculuq məsələlərinə də toxunan Prezident İlham Əliyev deyib:  “İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq”.

Azərbaycan Prezidenti dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt həmişə ən böyük xərclərin hərbi quruculuq üçün ayrılması barədə göstəriş verdiyini vurğulayıb. Bu amilin özünün haqlı olduğunu sübut etdiyini diqqətə çatdıran dövlət başçısı bildirib: "Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra".

İndiki Ermənistan hakimiyyətinin xoş sözlərinə aldanmamalıyıq

Prezident İlham Əliyev indiki Ermənistan rəhbərliyinin mahiyyətinə növbəti dəfə öz münasibətini bildirib. Dövlətimizin başçısı deyib:  “Biz unutmamalıyıq ki, indiki Ermənistan hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq, müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik.

İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni, Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

Minsk qrupu öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir

Prezident İlham Əliyev müsahibədə Minsk qrupunun formatının dəyişdirilməsi barədə sualı cavablandırarkən deyib: “ATƏT-in Minsk qrupu öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların belə konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir”.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacağını deməyə əsas verir. “Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur. 2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Prezident deyib ki, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir: “Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur”.

Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır

Prezident İlham Əliyev Zəngəzur dəhlizi ifadəsinə Ermənistan tərəfinin çox böyük qısqanclıqla yanaşmasının səbəbinin anlaşılmadığını bildirib. “Bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm”, - deyən dövlətimizin bu barədə də fikirlərini bölüşüb. “…Birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayo­nunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin,” – deyən Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.

İstənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər

Prezident İlham Əliyev müsahibə zamanı Ermənistanın zaman-zaman törətdiyi təxribatların, ciddi toqquşmaların bir daha baş verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyi ilə bağlı sualına cavabında deyib: “Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur”.

Dövlətimizin başçısı qeyd edib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır. “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, sülh müqaviləsi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ölkəmizin rəhbəri deyib: “Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər.

Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Oxşar xəbərlər