20.09.2024, 00:21
AZ EN
04.03.2024, 14:38 194

Bakıdan İrəvana növbəti sülh mesajı

XƏBƏRLƏR

"Azərbaycan hökuməti Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib".

"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsir Elçin Əmirbəyovun III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsidə səsləndirdiyi fikirləri şəeh edərkən belə deyib. O, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin bəyanatını rəsmi Bakıdan İrəvana ünvanlanan növbəti sülh mesajı kimi dəyərləndirib: “Birincisi, Elçin Əmirbəyov deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, Elçin Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı ümid edir ki, layihənin Ermənistan üçün tam faydasını İrəvan dərk edəcək”.

Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil, sadəcə düşünür ki, nəqliyyat yolunun fəaliyyətinə Ermənistan üçün daha münasib şərtlər daxilində imkan yarada bilər: “Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər, Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər”.

Xatırladaq ki, Elçin Əmirbəyovun bəyanatı Cənumi Qafqaz regionunun təhlükəsizliyində marağı olan Rusiya və Türkiyə rəsmiləri təfəfindən bəyənilib. O, “Avrasiyada əməkdaşlığın yeni dinamikası” sessiyasında çıxışında deyib ki, Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Onun fikrincə, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynayacaq: "Zəngəzur dəhlizi layihəsi bölgədə barış və sülh yaratmaq üçün effektiv alət ola bilər. Bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoyacaq. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər".

Elçin Əmirbəyov ümid edir ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək: "Əks halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR