Bu fikirlər Milli Məclisin Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməsinə dair açıqlamasında yer alıb.
Açıqlama, həmçinin qeyd olunur: “Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir.
Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur.
Absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunu “sülh sazişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır.
Avropa Parlamentinə bildiririk ki, onun belə “dəstəyinə” qətiyyən ehtiyac yoxdur və tövsiyə edirik ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin”. (AZƏRTAC)