"Vətən səsi" xəbər verir ki, Ermənistanın Baş naziri dünən keçirdiyi mətbuat konfransında bu məsələdən də danışıb. Erməni Baş nazir jurnalistlərin suallarını cavablandırarkən həqiqəti gizlədib. O, erməni ictimaiyyətini növbəti dəfə aldadaraq deyib ki, guya, nə ekslav, nə də anklav kəndlərin azad olunması barədə rəsmi Bakı ilə müzakirə aparılmayıb: "Anklav olmayan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olayıb”.
Xatırladaq ki, rəsmi Bakı delimitasiya prosesində 8 kəndin iki mərhələdə qaytarılmasınə təklif edib. Birinci mərhələdə anklav olmayan 4 kənd (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılır, ikinci mərhələdə isə anklav sayılan Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda da Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışarkən deyib ki, bu məsələ Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparılıb. “Hraparak” qəzetinin yazdığına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.
"Ermənistan bu kəndləri nəzarətə götürdükdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, - “Hraparak” yazıb.
Qəzetin yazdığına görə, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq: "Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək".
Baş nazir Paşinyan isə sonuncu mətbuat konfransında bütün bunları təkzib edib və bildirib ki, həmin kəndlərin qaytarılması barədə guya, müzakirə aparılmayıb.
Bəs, Ermənistanın Baş nazirinin mətbutat konfransı zamanı jurnalistlərin anklav kəndlərlə bağlı suallarını cavablandırarkən həqiqəti gizlətməkdə məqsədi nədir?
Politoloq Asif Nərimanlı mövzunu şərh edərkən deyib ki, Paşinyanın ölkə ictimaiyyətini aldatması onun növbəti “özünütəkzibi” olduğunu Ermənistanda da başa düşürlər: "Erməni ictimaiyyəti də bilir ki, o, yalan danışır. Çünki Paşinyan özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin “Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını” bildirib. Müavini Mher Qriqoryan da sərhəd komissiyalarının martın 7-də keçirilən iclasından sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” açıqlaması absurddur və hesab etmək olar ki, erməni baş nazir ictimai ittihamlardan xilas olmaq üçün belə deyir".
Politoloq bildirir ki, Paşinyanın açıqlamasındakı məntiqə diqqət etdikdə fərqli nəticə ortaya çıxır: "Erməni baş nazir deyir ki, Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində bu adda kəndlər olmayıb. Bu açıqlamanı “həmin kəndlər Ermənistana məxsus olmadığı üçün onların qaytarılması Tavuşun kəndlərinin təhvil verilməsi demək deyil” kimi oxumaq mümkündür. Ardınca “delimitasiya Tavuşdan başlaya bilər” deməsi də bu məntiqi ön plana çıxarır. Əks təqdirdə “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” demək vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır” bəyanatı kimi bir şeydir və həmin ərazilərin hərbi müstəvidə azad edilməsini aktuallaşdıra bilər".
Elxan SALAHOV