Bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada qeyd edilib: "Xatırlatmaq istərdik ki, özünü peşəkar və bitərəf qurum kimi qələmə verən Almaniya Xarici Əlaqələr Şurası Azərbaycan mədəni irsinin dağıdılması, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması mövzularında bir dəfə də olsun tədbir keçirməyib və öz nəşrlərində, hesabatlarında bu məsələni görməzdən gəlib. Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan mədəni irsini kütləvi şəkildə dağıtması faktına göz yummuş bir elmi qurumun, indi bir ovuc qərəzli, radikal ünsürləri yığıb Qarabağda erməni abidələrinə təhlükə olması “ehtimalı” barədə tədbir keçirməsi dini və etnik əsasda ayrı-seçkilikdir və elm adına böyük utancdır".
Qərbi Azərbaycan İcması, həmçinin Almaniya Xarici Əlaqələr Şurasından həmin tədbirdən imtina etməyi, əsas diqqətini Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin tamamilə dağıdılması kimi baş vermiş haqsızlıqlara yönəltməyi və məhz bu mövzularda tədbir keçirməyi tələb edib. (AZƏRTAC)