Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və bu istiqamətdə çoxlu təşəbbüslərlə çıxış edib: “Ermənistan tərəfi isə keçən zaman ərzində müxtəlif bəhanələr irəli sürərək sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoyur. Belə ki, rəsmi İrəvan ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. Hazırkı vəziyyətdə Ermənistanın bu təklifinin heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi daxilində “dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə təhdid törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək” barədə yazılıb. Bu təklifi Azərbaycan irəli sürdüyü üçün yenidən Ermənistanın oxşar bəyanat verməsi “oyun oynamaq”dan başqa bir şey deyil”.
Fərid Şəfiyev qeyd edib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra 5 aya yaxın müddətdə şərti sərhəddə sabitlik hökm sürdü. Lakin ermənilərin şərti sərhəddə təxribat törətməsi faktiki olaraq Ermənistanın münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərdi.
“Sülh müqaviləsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda ən fundamental məsələ Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ona görə də bu iddialar hüquqi sənədlərdən çıxarıldıqdan sonra sülh müqaviləsi imzalana bilər. Bunun da presedenti yoxdur”, - deyə F.Şəfiyev vurğulayıb. (AZƏRTAC)