Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB TV-nin efirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bir müddətdir, Ermənistan Qərb dövlətləri tərəfindən silahlandırılır. F.Hüseynəliyev xatırladıb ki, Ermənistana Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahlardan başqa Fransanın özündən silahlar da göndərilir:
"Avropa, Fransa və bir neçə başqa dövlət faktiki olaraq, yenidən bölgədə münaqişənin alovlanmasına tərəfdardır. Beləliklə, onlar revanşist qüvvələrin əlinə alətlər verməyə çalışırdı. Avropa İttifaqının sərhəddə təhlükəsizliklə bağlı prosesləri müşahidə etməli olan missiyasının sayının artırılması Qərbin əsl məqsədini ortaya qoyur. Məqsəd Ermənistandakı revanşist qüvvələrin üzdə saxlanılması, onların silahlandırılması, münaqişənin sülh müqaviləsi ilə bitməsinə imkan verməməkdir. Ermənistanın sonuncu təxribatı da bunun bariz nümunəsidir".
Onun sözlərinə görə, Zəngilanda Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən təxribatdan sonra Ermənistan tərəfi bunun hansısa aşağı səviyyəli hərbçinin addımı olması və hadisənin araşdırıb, günahkarın tapılıb, cəza veriləcəyi ilə bağlı mesaj ötürüb.
"Amma həmin gün gecə saatlarında Tovuz istiqamətində təxribatın təkrarlanması göstərir ki, qərar yuxarıdan - Ermənistan rəhbərliyindən verilib. Bu hadisələrdə sifarişçi olaraq, Fransanı göstərmək mümkündür. Bütün Qərb dövlətləri arasında ən çox canfəşanlıq edən, bölgəyə sülh gəlməsinə, müqavilə imzalanmasına mane olan Parisin öz məqsədləri var. Fransa bölgəyə müdaxilə imkanlarını əldə saxlanmağa çalışır", - o deyib.
Agentliyin direktonun fikrincə, Rusiyanın bu məsələlərdə obyektiv mövqe tutaraq, kənarda dayanması da Fransanın aktivləşməsinin səbəblərinə daxildir:
"Rusiya hansısa tərəfi dəstəkləmir, günahlandırmır. Hər iki tərəfi danışıqlar masasına dəvət edir. Fransa isə prosesdən kənarda qaldığı üçün addımlarını artırır. Rusiya Ermənistanda mövcud olan Qərb təbliğatına əks-arqumentlər ortaya qoyur, Moskvanın Ermənistandan çıxarılması cəhdlərinə qarşı çıxır".
F.Hüseynəliyev qeyd edib ki, regionda yerləşdirilən Rusiya sülhməramlılarının aqibəti məsələləri və s. isə ancaq rəsmi Bakı ilə həll ediləcək məsələ kimi vurğulanır:
"Bura hansısa kənar qüvvə, hətta Ermənistan özü də cəlb edilmir. Halbuki sülhməramlılar üçtərəfli bəyanat əsasında bölgəyə yerləşdirilmişdi. Amma Rusiya da anlayır ki, Azərbaycanın suverenliyini təmin etməsindən sonra Ermənistandan nə isə soruşmağa, dəqiqləşdirməyə qəti ehtiyac yoxdur. Fransanın rolu da məhz buna görə aktivləşib. Paris Rusiyanın Ermənistandan çıxarılmasına çalışır. Əsas ritorikanı isə revanşist qüvvələr üzərində qurublar. Onlar revanşistlərə deyirlər ki, sizə silah da, güc də verəcəyik, amma sülhün nail olunmasına əngəl törədib, maksimum prosesi uzadaq”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib. (Report)