“Vətən səsi” xəbər verir ki, bunu “secki-2024.az” saytına açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyib.
O qeyd edib ki, seçkilərin demokratik və şəffaf mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb: “Bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər imkanlar yaradılıb. Təşviqat kampaniyası demokratik prinsiplərə və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilir. Namizədlərə media subyektlərində ödənişli formada təşviqat aparırlar. Paralel olaraq, medianın ümumilikdə seçki prosesini işıqlandırması üçün də lazımi mühit formalaşdırılıb. Jurnalistlər əlaqədar qurumlardan seçki ilə bağlı suallarına operativ şəkildə cavab ala bilirlər”.
QHT rəhbəri onu da vurğulayıb ki, səsvermə günündə də jurnalistlərin daha məsuliyyətli davranacaqlarına əmindir: “Prezident seçkilərinə yerli media ilə yanaşı, xarici medianın da marağı çox böyükdür. MSK-nın məlumatına əsasən, fevralın 1-dək xarici ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib. Həmçinin, seçkiləri izləmək üçün 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçisi akkreditasiya olunub. Bununla yanaşı, seçkilər üzrə informasiya təminatı daha çox bizlərin - ölkə jurnalistlərinin üzərindədir. Peşəkar davranaraq, obyektiv informasiyalar yaymaqla, cəmiyyətin səsvermə günü ilə bağlı obyektiv informasiyalar almasını təmin etməliyik. İnanıram ki, jurnalistlərimiz məhz belə davranacaqlar: peşəkar, obyektiv və operativ olacaqlar”.
Nadir Azəri qeyd edib ki, jurnalistlərə, QHT təmsilçilərinə seçki prosesini izləmək üçün zəruri olan şərait yaradılıb: “Bütün bunlar da Azərbaycan dövlətinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaratdığının növbəti təsdiqidir”.
S.Süleymanova