23.12.2024, 04:14
AZ EN
24.01.2024, 12:50 319

2024 - ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

Ölkəmizdə 10 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. 1925-ci ildə yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğudur. Azərbaycanda Milli Park və Qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir. 

44 gün davam edən ikinci Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz azad etdi. Zəfərimizlə Vətənimizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda xain düşmən əsl vandallıq aktları törədib. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.

2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunmuşdur. Milliliyn inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizi sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.

Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılmış, ekoloji layihələr həyata keçirilmişdir.

Vətənimizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə diqqət artırılır. 2010-cu il bu məqsədlə “Ekologiya ili” elan olunmuşdur. Bundan sonrakı illərdə də böyük miqyasda ekoloji problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirilmişdir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. Azərbaycan Xəzəryanı ölkələr arasında yeganə dövlətdir ki, dənizin və onun su hövzəsinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.

“Ekologiya ili” çərçivəsində və sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu kompaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.

Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi insan həyatı üçün əvəzsiz təbii nemətlərin, meşə ehtiyatlarının, canlı aləmin mühafizəsi həmişə bu sahənin prioritet məsələləri olub.

Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə unikal bir ölkə kimi dünyada məşhurdur. Bu iqlim xüsusiyyətləri Qafqazda vəhşi təbiətin flora və faunasının zəngin canlı müxtəlifliyini təmin edir.

“İDEA” (“Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyi) 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər