Bunu Ağdamda səfərdə olan Böyük Britaniya parlamentinin üzvü David Duguid bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə gəldikdən sonra təbii olaraq daha çox informasiya əldə edərək prosesin şahidi olublar: “Həqiqətən burada baş verən bu dağıntıların miqyası kədərləndirir. Ancaq eyni zamanda, hazırda burada görülən işlər, göstərilən səylər sevindiricidir. Mən çox şadam ki, bu ərazilərdə yenidənqurma işlərinin müəyyən qisminə Britaniya hökuməti də kömək edir. Bunu görmək xoşdur. Burada qəbiristanlıqla bağlı eşitdiklərimiz ağrılıdır. Anlamağa çalışıram ki, niyə işğalçı qüvvələr qəbirlərdən meyitləri çıxarsınlar? Axı bunun səbəbi nə ola bilər?! Digər bir sual bizi düşündürür, niyə bu torpağı işğal ediblər və daha sonra buraları sadəcə dağıtmaqla, məhv etməklə məşğul olublar? Bütün bunlar həqiqətən çox qəribədir”.
Britaniyalı parlamentari Ağdama səfərinin onun üçün xüsusi məna kəsb etdiyini də vurğulayıb. Belə ki, o, 2000-ci illərin əvvəllərində Bakıda yaşayıb işləyib: “Mən o zamanlar davam edən münaqişə barədə xəbərdar idim, lakin bunları görməmişdim. Məni və nümayəndə heyətini təəccübləndirən odur ki, işğalçı qüvvələr buranı sadəcə işğal ediblər, burda nələrsə qurmağa, tikməyə çalışmayıblar, burada yaşamayıblar, onlar sadəcə bu əraziləri viran etmək xətrinə dağıdıblar. Həqiqətən bunu anlamaq, burada məntiq görmək çətindir”. (APA)