19.09.2024, 05:37
AZ EN
18.07.2024, 18:25 150

Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordinatoru təyin edilib

XƏBƏRLƏR
  • Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının spikeri Valentina Matviyenkonun Sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

Hazırda MDB PA-nın üzvü olan dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleya rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

MDB Parlamentlərarası Assambleyası Müstəqil Dövlətlər Birliyinin dövlətlərarası orqanı və 1992-ci ildən regionda parlamentarilər arasında qarşılıqlı fəaliyyət üçün əsas platformadır.

Assambleya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın parlament nümayəndə heyətlərindən ibarətdir. 1994-cü ildən bəri MDB PA-dan olan müşahidəçilər Birlik ərazisində və onun hüdudlarından kənarda 150-dən çox seçki və referendumu izləyiblər.

Seçki kampaniyalarının monitorinqi üzrə fəaliyyət MDB PA çərçivəsində fəaliyyət göstərən Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutu tərəfindən əlaqələndirilir.

MDB Parlamentlərarası Assambleyasının qərargahı Sankt-Peterburqdakı Tavrida sarayında yerləşir.

MDB PA Şurasının sədri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodur. (AZERTAC)

Oxşar xəbərlər