Bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani çıxışı zamanı söyləyib.
Azərbaycanın otuz il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas oyunçusuna çevrildiyini vurğulayan Pakistan Senatının sədri Azərbaycanın rəhbərliyini Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu sessiyasına uğurla ev sahibliyi etdiyinə görə təbrik edib.
O bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşulmama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsirini davam etdirir və dünya ölkələrini sülhün, əməkdaşlığın təmin olunmasına təşviq edir.
“Müasir dünya qloballaşma, qarşılıqlı əlaqə və əməkdaşlığa doğru sürətlə irəliləyir. Eyni zamanda, dünya ölkələri müharibələrin yalnız həyat və əmlakın məhv edilməsi olduğunu öyrənməyə davam edir. Hamımız münaqişələri sülh yolu ilə həll etməyə çalışmalıyıq. Pakistan qlobal sülh, çiçəklənmə və inkişaf naminə əməkdaşlığı hər zaman dəstəkləyib”, - deyə Məhəmməd Sadiq Sancrani diqqətə çatdırıb. (AZƏRTAC)