Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Gənclər Birliyinin üzvü Səbinə Xasayeva olub.
Millət vəkili vaxtilə valideynlərinin yaşadığı, sonradan deportasiya olunduğu Göyçə mahalı Basarkeçər rayonu Şişqaya kəndi və Zəngəzur mahalının Qafan rayonunun inzibati mərkəzi sayılan Qafan şəhəri barədə danışıb. Bu qədim yaşayış məntəqələrinin tarixindən, təbiətindən, adət-ənənələrindən söhbət açıb. Bakı şəhərində anadan olan, Qərbi Azərbaycanı canlı görməyən S.Xasayeva hər iki valideyninin Vətən sevgisi, yurd həsrəti ilə böyüdüyünü, tarixi torpaqlarımıza ruhən bağlı olduğunu dilə gətirib. Bildirib ki, ötən əsrin əvvəllərindən ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması ilə xalqımızın faciəli günləri başlayıb. Qeyd edib ki, bu məskunlaşdırma siyasəti bir müddət sonra mübahisələrə, münaqişələrə yol açıb, soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyası ilə nəticələnib.
Millət vəkilinin sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə ermənilərin törətdiyi Xocalı soyqırımı ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953, 1988-ci illərində Qərbi Azərbaycandakı soydaşlarımızın başına gətirilən müsibətləri də ifadə edir. S.Xasayeva bildirib ki, deportasiyaya məruz qalan soydaşlarımız indiki Azərbaycanda məskunlaşmağı bacarsalar da, sıfırdan yeni bir həyat qurmaq onlara asan başa gəlməyib.
Qərbi Azərbaycan İcmasının, Gənclər Birliyinin fəaliyyətindən söhbət açan deputat vurğulayıb ki, hazırda qarşıda duran əsas məsələ Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə, bütün dünyaya çatdırmaqdan, soydaşlarımızın sülh yolu ilə, ləyaqətli şəkildə tarixi torpaqlarımıza qayıdışını təmin etməkdən ibarətdir. Onun sözlərinə görə, bunun üçün güclü təbliğat aparmalı, informasiya müharibəsi cəbhəsində də qalib gəlməyi bacarmalıyıq.
Millət vəkili S.Xasayeva sonda qeyd edib ki, hazırda Qərbi Azərbaycan məsələsi sadəcə o torpaqlardan deportasiya olunmuş soydaşlarımızın deyil, ümumilikdə 50 milyonluq Azərbaycan xalqının dərdidir, bir nömrəli problemidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)