22.12.2024, 23:41
AZ EN
11.01.2024, 14:08 334

Deputat: Ermənistanın Zəngəzur dəhlizindən fərqli marşrut təklif etməsi Azərbaycan üçün məqbul deyil

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı baxışlarımızı bir daha açıq şəkildə açıqlayaraq bildirdi ki, əgər dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik və onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir. Ermənistan təəssüf ki, özündən uydurma və perspektivsiz başqa marşrutlar üzrə yolları açması ilə bağlı fikirlər səsləndirir. Təbii ki, bu, Azərbaycan üçün məqbul deyil. Zəngəzur dəhlizi uzun illər Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirib. Bu marşrut Mehridən keçməklə dəmir yolu vasitəsilə yüklərimizin və sərnişinlərin daşınmasına xidmət edib.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, demək olar ki, bu istiqamətdə dəmir yolu infrastrukturu mövcuddur.

“Ermənistan az bir xərc çəkməklə köhnə dəmiryolu infrastrukturunu bərpa edə bilər. O cümlədən, avtomobil yolu ilə bağlı da sovetlər vaxtında bu ərazidə kifayət qədər işlər görülüb. Ona görə də Azərbaycan Zəngəzur dəhlizi marşrutunun bərpasında israrlıdır. Həm də bu marşrutla hərəkətin təhlükəsizliyinə Rusiya sərhəd xidməti nəzarət etməlidir. Bu, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb.

Azərbaycan yeni bir şey icad etmir. Sadəcə Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin imza atdığı sənədin icrasını tələb edir. Ermənistanın təklif etdiyi digər marşrutlar Azərbaycana maraqlı deyil. Çünki Azərbaycan onsuz da İran ərazisndən yeni yolun çəkilişinə başlayıb. Belə ki, Zəngilan rayonu ərazisində Araz çayı üzərində körpünün inşasının təməlləri atılıb və ilkin olaraq maliyyəsi də ayrılıb.

Yaxın zamanlarda Ordubad ərazisindən də körpünün tikintisi həyata keçiriləcək. Əgər Azərbaycanın İran üzərindən Naxçıvanla birləşməsi baş tutarsa və Zəngəzur dəhlizi Azərbaycanın istədiyi kimi fəaliyyət göstərməzsə, Ermənistan əbədi olaraq dalan ölkəsi olaraq qalacaq. Azərbaycanın burada qeyri-adi bir istəkləri yoxdur. Ölkəmiz Ermənistanın suverən hüquqlarına hörmətlə yanaşır.

Zəngəzur dəhlizi vasitəsilə keçəcək beynəlxalq daşımaların Ermənistanın gömrük və sərhəd keçid rejiminə uyğun həyata keçirilməsini dəstəkləyirik. Amma Azərbaycandan Naxçıvana keçəcək yüklər və sərnişinlərə Ermənistan tərəfindən nəzarət olunmasını yolverilməz hesab edirik və buna heç cür razı ola bilmərik.

Belə bir praktika beynəlxalq təcrübədə də mövcuddur. Məsələn, Rusiyadan Kalininqrada daşınmalar heç bir yoxlama nəzarət prosedurları tətbiq etmədən həyata keçirilir. Naxçıvana gedəcək yüklərimiz və sərnişin daşımaları da ölkədaxili daşımalar statusunda həyata keçirilməlidir. Əks halda Azərbaycan üçün Zəngəzur dəhlizi marağını itirir və biz İran ərazisindən bu daşımaları təmin edəcəyik.

Torpaqlarımızın işğal altında olduğu 30 ildə Naxçıvanla əlaqəmizi onsuz da İran üzərindən təmin etmişik. İndi isə yeni yol çəkilməklə bu marşrut daha qısa və səmərəli olacaq. Ermənidən çox ermənilik edən dairələr isə İran ərazisindən yeni yolun işlənməsinə icazə verməyəcəklərini bildirib.

Cənab Prezident İlham Əliyev onların cavabını bir daha qəti şəkildə verdi. Yəni bu Azərbaycanla İranın daxili işidir və heç kim bizim daxili işlərimizə müdaxilə edə bilməz. Ermənistan nə qədər gec deyil Zəngəzur dəhlizi üzərində düşünməli və Azərbaycanın təqdim etdiyi varianta razılığını bildirməlidir. Əks halda bu, gec olar və ölkəmiz üçün bu marşrutun əhəmiyyəti itmiş olacaq". (Trend)

Oxşar xəbərlər