21.09.2024, 09:51
AZ EN
10.01.2024, 11:35 275

Göyçə və Zəngəzur qanunsuz olaraq ermənilərə verilib: 1929-CU İL SƏNƏDİ MASAYA QAYTARILIR

XƏBƏRLƏR

"Ötən ilin sonuna yaxın Azərbaycanla Ermənistan arasında müsbət dinamika müşahidə edildi. Tərəflər arasında sülh prosesi bu il də davam edəcək. Prosesin vacib mərhələsi sülh sazişinin imzalanmasıdır. Bunun bir mərhələ adlanması da təsadüfi deyil. Çünki ilkin imzalanacaq sənəd çərçivə razılaşması olacaq. Çərçivə sülh sənədində gələcəklə bağlı prinsiplər öz əksini tapacaq. Məhz bundan sonra aparılan danışıqlarla məsələlər həll olunmalıdır".

"Vətən səsi" xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Teleqraf.com"a müsahibəsində belə deyib. Onun sözlərinə görə, danışıqlar prosesində ən çox müzakirə olunan mövzu sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılması məsələsidir: "Humanitar və təzminat, cinayətkarların məsuliyyətə cəlb olunması kimi məsələlər mərhələli formada həllini tapa biləcək. "Mərhələli həll" dedikdə çərçivə sazişində vaxtilə irəli sürülmüş prinsiplər daha geniş şəkildə bəyan olunacaq və hər iki tərəf, yəni Azərbaycan və Ermənistan buna imza atacaq".

Tofiq Zülfüqarov anklavlar və eksklavlarla bağlı məsələnin necə həll olunacağına da aydınlıq gətirərkən maraqlı bir məqam xüsusi qeyd edib. O, bildirib ki, Ermənistan anlavlarla bağlı müəyyən iddialar irəli sürür: "Nikol Paşinyan anklavlardan danışarkən bir çox hallarda hansısa rəqəmləri səsləndirir. İstisna deyil ki, Azərbaycan da öz növbəsində hansısa bir rəqəmləri gündəmə gətirə bilər. Ona görə də bu, danışıqlar mövzusudur. 1929-cu ildə Ermənistana verilən Göyçə mahalını buna misal gətirmək olar. Çünki həmin dövrdə ərazilər Göyçə mahalına birləşmiş olub. Sərhədlər Göyçə gölünün tən ortasından sərhəd keçirdi. Sadəcə, bolşeviklərin “qərarı” ilə Azərbaycan Göyçə mahalından məhrum edilib. Amma unutmaq olmaz ki, ən böyük şirin su mənbəyi Göyçə gölüdür".

Keçmiş nazir Azərbaycan hansı əsasla şirin su qaynağından məhrum edildiyi və bu məsələnin geri dönüşü necə həll oluna biləcəyindən danışarkən deyib ki, Göyçə gölünün su ehtiyatından istifadə rəsmi Bakının maraqlarına uyğun olan məsələdir: "Eyni zamanda Zəngəzurun qanunsuz olaraq ermənilərə verilməsi də gündəmdədir. Bu məsələnin də danışıqlar mövzusu olması labüddür. Bütün bunlar onu göstərir ki, tərəflər qarşılıqlı olaraq öz baxışlarını və mövqelərini ortaya qoymalıdır".

Tofiq Zülfüqarov Zəngəzur məsələsi tarixi faktlara əsaslanan reallıq kimi xarakterizə edib. Onun fikrincə, Azərbaycan üçün Zəngəzur mövzusu tarixi ədalətin bərpası ilə öz həllini tapa bilər: "Beləliklə, dəhlizlə bağlı Ermənistan və başqalarının mövqeyinə ehtiyac qalmayacaq. Çünki vaxtilə qanunsuz olaraq Ermənistana verilmiş torpaq niyə geri qaytarılmamalıdır? Hətta bu, Ermənistan qarşısında şərt kimi qoyula bilər".

Elxan SALAHOV

Oxşar xəbərlər