20.10.2024, 02:41
AZ EN
16.08.2023, 21:26 320

Revanş həvəsi Ermənistana baş verənlərdən nəticə çıxarmağa imkan vermir

XƏBƏRLƏR
  • Azərbaycan Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib.

Dövlətimiz Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Qırx dörd günlük Vətən müharibəsində burnu ovulan Ermənistan 2020-ci ildə olanları unutmamalı, bundan özünə dərs çıxarmalıdır. Dövlətlərin daxili işlərinə qarışmamaq, qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üçün bu ölkə öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Amma görünən odur ki, Ermənistan ağıllanmaq fikrində deyil, əksinə Azərbaycana qarşı növbəti təxribat planı ilə məşğuldur. Bunu Qarabağdakı erməni terrorçularının Rusiya sülhməramlılarının gözü qarşısında mühəndis işləri görməyə cəhd etmələri də sübut edir. Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində aparılan mühəndis işlərinin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Təəssüf ki, Avropa İttifaqının Ermənistandakı missiyası isə tərəf tutaraq buna göz yumur. İkili standartlar nümayiş etdirən missiya beynəlxalq hüququn prinsiplərini pozur. Təbii ki, Azərbaycan buna seyrçi qalmayacaq və günahkarlar öz cəzasını alacaqlar.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

“Laçin” dövlət sərhədindən buraxılış məntəqəsi ətrafında ermənilərin yaratdıqları səs-küy, daha doğru desək, şou ilə bağlı fikirlərini bildirən deputat onların hələ də yuxuda olduqlarını qeyd edib: “Ermənilərin əksəriyyəti hələ də yuxu görür. Revanş həvəsi onlara baş verənlərdən nəticə çıxarmağa imkan vermir. Sarsaq xəyallarının bir gün gerçək olacağına kor-koranə inanırlar. Amma yanılırlar. Anlamırlar ki, Azərbaycan 30 il bundan əvvəlki ölkə deyil. Həmçinin qalib ölkə kimi gördüyümüz hər bir işin, həyata keçirdiyimiz hər bir tədbirin arxasında qanun dayanır. Biz işimizi beynəlxalq hüquq çərçivəsində görürük və bu səbəbdən də haqlıyıq. Qarabağ Azərbaycanın ərazisidir və bunu onlar üçün nə qədər acı olsa da, Ermənistan siyasi rəhbərliyi də təsdiqləyib. Bütün bunları nəzərə alaraq, ermənilər düşmənçiliyi, revanşizmi bir tərəfə qoyaraq, sülhə gəlməlidirlər. Çünki başqa yolları yoxdur”.

Ağdam-Xankəndi dəmir yolunun əhəmiyyətindən danışan M.Məmmədli işğal nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulduğunu bildirib. Texnika ilə birlikdə Azərbaycan dəmir yollarının mühüm hissəsinin işğal altında qaldığını qeyd edən deputat Yevlax–Xankəndi dəmir yolunun fəaliyyətinin dayandırıldığını, ümumiyyətlə, dəmir yolu xətlərinin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını diqqətə çatdırıb.

“Otuz ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır - həmin regionlarda yeni dəmir yolu xətlərinin inşası reallaşdırılır, yollar çəkilir, kommunikasiya sistemi qurulur. Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işləri artıq 90 faiz yerinə yetirilib. Xətdə 56,951 kilometr uzunluğunda uzun ölçülü relslər quraşdırılıb, həmçinin birinci mərhələ üzrə torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişən qurğuların quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Yan yollarla birlikdə uzunluğu 57.857 kilometr olan dəmir yolu xəttində 4 stansiya - Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Yük daşınmalarının illik dövriyyəsi isə 1.5 milyon ton təşkil edəcək”, - deyə M.Məmmədli diqqətə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq işlərin sürətlə aparıldığını qeyd edən deputat bildirib ki, bütün bunlar Azərbaycanın iqtisadi gücünü göstərməklə bərabər, onun dağıdıcı deyil, qurucu ölkə olmasını özündə əks etdirir. O, Bərdə-Ağdam, Ağdam-Füzuli 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisinin sürətlə davam etdiyini, hər iki avtomobil yolunun gün ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malik olduğunu da qeyd edib.

“Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və milli iqtisadiyyata sürətli inteqrasiyası dövlətimizin qarşıya qoyduğu prioritetlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələr həmin ərazilərin iqtisadi inkişafına mühüm töhfə verəcək. Torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, həmin əraziləri tezliklə gülüstana çevirməyi də bacaracağıq”, - deyə Müşfiq Məmmədli vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər