Qonşuları Azərbaycan və Türkiyə ilə qarşıdurma vəziyyətində olan, strateji tərəfdaşı Rusiyanı isə Qərbin maraqlarına satan Ermənistan özünün təhlükəsizliyi ilə bağlı ən böyük dəstəyi uzaq Amerikadan gözləyir.
"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Daniealyan bildirib ki, keçmiş prezident Donald Trampın yenidən ABŞ-də hakimiyyətə gəlməsi Vaşinqtonun Ermənistan siyasətinə təsirini əhəmiyyətli dərəcədə artıracaq. Onun sözlərinə görə, Amerikada istənilən seçki Vaşinqtonun xarici siyasətinə təsir göstərir: “ABŞ seçkiləri qlobal əhəmiyyət kəsb edir. Onlar həm daxili, həm də nəticə etibarilə xarici siyasəti dəyişəcəklər. Ermənistanın da ABŞ-dan gözləntiləri çoxdur, xüsusən də iqtisadi və regional təhlükəsizlik məsələlərində. Düzdür, Ermənistanın üzləşdiyi çətinliklər və hazırkı durumla bağlı narahatlıqlar ABŞ üçün kiçik məsələlərdir. Amma istənilən halda ABŞ-dakı seçkilər Ermənistana təsir edəcək. Donald Tramp seçiləcəyi təqdirdə bu təsirləri daha çox hiss edəcəyik”.
Stepan Danielyan hesab edir ki, Ermənistanın müdafiəçisi qismində çıxış edən hazırkı Prezident Co Baydenin reytinqi aşağıdır, qalib gələcəyi ehtimalı mümkünsüz kimi görünür.
Elxan SALAHOV