26.02.2026, 15:22
AZ EN
26.02.2026, 14:01 13

Zəngəzur dəhlizi: İrəvan Moskva ilə anlaşmağa çalışır

XƏBƏRLƏR
  • "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti olan "Cənibi Qafqaz Dəmir Yolu" regionda kommunikasiyalar yenidən açıldıqdan sonra da Ermənistanda fəaliyyətini davam etdirə bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rusiyalı politoloq Konstantin Tasitsə istinadən məlumat yayıb. Tasits "Sputnik Ermənistan"a açıqlamasında deyib ki, "Rusiya Dəmir Yolları" Ermənistan dəmir yollarının konsessiya üzrə idarəedicisi kimi konsessiya müqaviləsində nəzərdə tutulmuş bütün öhdəlikləri yerinə yetirib: "Həmin törəmə şirkət 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri əhəmiyyətli investisiyalar qoyulub. Düşünürəm ki, yeni şərtlər daxilində, kommunikasiyalar açıldıqca, Rusiya tərəfi əməliyyatları davam etdirməyə və nəqliyyat xidmətləri göstərməyə açıqdır".

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Ermənistan dəmir yollarının güzəştli idarəçiliyini İrəvan və Moskvaya dost olan ölkəyə satmağı təklif etmişdi. O, həmçinin bu kontekstdə 1990-cı illərin əvvəllərindən bəri fəaliyyətsiz olan Azərbaycan və Türkiyə ilə dəmir yollarının Rusiya tərəfindən bərpası məsələsini qaldırmışdı.

"Ermənistan Dəmir Yolu" 2008-ci ilin fevral ayında daha 10 il uzatmaq hüququ ilə 30 il müddətinə "Cənubi Qafqaz Dəmir Yolu"nun idarəçiliyinə verilib.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə ölkəsinin Zəngəzur dəhlizi ilə əlaqəsini təmin edəcək dəmir yol xəttinin bərpası və yenidən qurulması məsələsindən də danışıb. O, bildirib ki, hazırkı vəziyyətdə bu məsələ "Cənubi Qafqaz Dəmir Yolu"nun müstəsna hüququ olduğuna görə, yenidənqurma işlərinin nə vaxt başayacağı daha çox Rusiya tərəfinin qərarından asılıdır: "Amma biz bu işi çox ləngidə bilmərik, Rusia ilə müəyyən müzakirələr başlayıb və istəyirik ki, onlar dəmir yolunda təmir işlərinə mümkün qədər tez başlasınlar".

Paşinyan onu da deyib ki, Ermənistan hökuməti Avropa İttifaqının da "Tramp Marşrutu"nun açılmasında iştirak formasını müzakirə edir: "Regionda yeni reallıq yaranıb. Ermənistan hökuməti Avropa İttifaqının iqtisadiyyatdan demokratik islahatlar və müdafiə (hərbi) gündəliyinə qədər Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək üçün regional kommunikasiyaların açılmasında necə iştirak edə biləcəyini müzakirə edir".

Elxan SALAHOV

Oxşar xəbərlər