18.10.2024, 22:16
AZ EN
29.12.2023, 10:25 274

Ermənistan hökumətindən separatçı "lider"ə daha bir qadağa

XƏBƏRLƏR

Ermənistan hökuməti bu ilin sentyabrında Qarabağda erməni separatçılarına qarşı keçirilən antiterror tədbirlərindən sonra özünün buraxıldığını elan edən qondarma rejimin sonuncu "lider"i Samvel Şahramanyana qarşı daha bir qadağa qoyub.

"Vətən səsi" xəbər verir ki, antiterror tədbirləri zamanı gizli şəkildə Azərbaycan ərazisini tərk edərək Ermənistana qaçan separatçı "lider" bundan sonra özünü "prezident" kimi apara bilməyəcək. Çünki Nikol Paşinyan hökuməti onun "xüsusi imtiyazlardan bəhrələnməsinə" qarşı yeni tədbirlər görməyə başlayıb.  “Hraparak” qəzetinin yaydığı məlumata görə, Ermənistanın Daxili İşlər Nazirliyinin patrul dəstələri qondarma qurumun sonuncu “prezidenti”nin avtomobil kortejini saxlayıb. Polis əməkdaşları Samvel Şahramanyana bildiriblər ki, qanuna görə onun kortejlə, silahlı cangüdənlərin müşayiətilə gəzmək hüququ yoxdur.

Ermənistan Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləyib və qeyd edib ki, sözügedən şəxslər yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar. Onlara hələ ki, protokol tərtib edilməsə də, xəbərdarlıq olunub.

Daha bir məlumatda deyilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğu-suala çəkməyə başlayıb. “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, onlara qarşı bütün bu təzyiqlər qondarma qurumun ləğvinin mümkünsüzlüyünə dair ictimai çıxışları ilə bağlıdır. MTX-ya dəvət olunanlar arasında Artak Beqlaryan, Vladimir Qriqoryan, Qaqik Baqunts da var.

Xatırladaq ki, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin təmsilçiləri İrəvanda qondarma qurumun “idarəetmə institutları”nın mövcudluğunu Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan ediblər.

Elxan SALAHOV

Oxşar xəbərlər