"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatı Simonyanın dünənki bəyanatı ilə bağlı onun yeni açıqlamasını tirajlayıb. Bildirilir ki, Ermənistan parlamentinin sədri "2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı Qarabağda ermənilərin həmin əraziləri tərk etməməli və qalıb döyüşməli idi” bəyanatını bir daha təsdiqləyib. O, qeyd edib ki, həmin bəyanatda səsləndirilən fikirlərdə hər hansı yanlışlıq yoxdur.
Bununla belə, Simonyan əlavə edib ki, onun səsləndirdiyi fikirlər Qarabağda yaşayan mülki ermənilərə deyil, hərbi strukturlarda rəhbər vəzifə tutmuş konkret şəxslərə ünvanıb: "Mən əvvəli fikrimdə qalıram. Bəli, Qarabağ erməniləri qalmalı və döyüşməli idi. Amma məni bu sözlərim konkret şəxslərə aiddir".
Simonyan etiraf edib ki, həm 44 günlük müharibə zamanı, həm də bir günlük antiterror tədbirləri ərəfəsində Ermənistan ordusu Azərbaycana qarşı döyüşüb. O, həmçinin əlavə edib ki, Ermənistan Qarabağdakı separatçı dəstələrə lazımi silah və dəstək verib.
Erməni spiker “Qarabağ erməniləri qalmalı və döyüşməli idi” sözlərinə görə üzr istəməsini tələb edən separatçı Samvel Şahramanyana da cavab verib: “O, öz mühafizəçiləri ilə Qarabağı necə tərk edə bildi, necə oldu ki, bura gəlib çıxdı? Şahramanyan məndən üzr tələb etməzdən əvvəl bu suallara cavab versin. Parlamentdə məktublar şöbəsi var, mənimlə əlaqə saxlaya bilər, müraciəti nəzərdən keçirəcəyəm. Əgər belədirsə, Samvel Şahramanyan Qarabağı tərk edərək Ermənistana necə gəldiyini araşdırmağa çox da böyük əmək sərf olunmayacaq. Çünki sənədlər və şahidlər var".
Elxan SALAHOV